Tahir Məmmədov- Zallar kənd sakini: “Zallar kəndinə qayıdılacaq, çox sevindik. Çünki 30 il bu həsrətlə yaşamışıq. 30 illik həsrətimizə son qoyulur”.
Kəlbəcər rayonunun Zallar, Zar və Yanşaq kəndlərinin sakinləri Gəncənin Gülüstan yaşayış massivində özlərinə sığınacaq tapıb. 30 il öncəkindən fərqli olaraq, bir başqa köçməyin astanasındadırlar indi onlar. Həyəcanla qulaqları səsdədir ki, gəlib deyəcəklər, hazırlaşın, gedirsiniz.
Vilayət Mamedov- Zallar kənd sakini: “Köçən, birincisi mən olmalıyam. Birinci gedib orada yaşamasam, elə bilərəm hər şeyi itirmişəm. Müraciət eləmişəm ki, orada nə iş olsa görəcəm”.
Sarvan Ələsgərov- Zar kənd sakini: “Uşaqlıq illərimiz hamısı Kəlbəcərdə keçib. Çox yaxşı yaşamışıq. Mal, heyvan təsərrüfatla məşğul olmuşuq. Qaçqınkom tərəfindən qeydiyyata alınmışıq. Məlumat veriblər, gələcək üçün vətənimizə qayıdacağıq”.
Əbülfəz İsmayılov- Yanşaq kənd sakini: “O qədər xəyalımdan keçib. Uşaqlıq xatirələri qəbirə gedənə kimi heç kimin yadından çıxmır. Gəzdiyim yerlərin hamısı kino lenti kimi gözümün önündən keçir. O qədər sevinirəm ki, qayıdıb o uşaqlıq illərimi keçirdiyim yerlərə baxacam, gəzəcəm. Bir ağsaqqal kimi kəndimizi əvvəlki kimi görmək istəyirəm”.
İşğaldan azad edilən ərazilərə qayıdışla bağlı olaraq 2026-cı ilin sonuna kimi 12 min kəlbəcərlinin öz ata-baba yurduna qayıtması gözlənilir. Bununla bağlı olaraq Kəlbəcərdə yenidənqurma işləri sürətlə davam edir. Nəzərdə tutulmuş vaxtda doğma yurda qayıtmaq üçün sosial infrastruktur layihələri də icra olunur.
Aqil Məmmədov- millət vəkili: “Şaxtalı hava olmasına baxmayaraq, tikinti-quruculuq işlərində heç bir ləngimə yoxdur, çox sürətlə davam edir. Kəlbəcər şəhərində 2-3 və 4 mərtəbəli binaların tikintisi başlayıb. Başlanmış tikililər bu ilin birinci yarısından da tez başa çatacaqdır. Digər kəndlərdə də artıq işlərin başlanması gözlənilir”.
2022-ci ildən məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə köçürülməsinə başlanılıb. Bu günə kimi 1134 ailə, o cümlədən 4500-dən artıq soydaşlarımız ata-baba yurdlarına qayıdaraq, öz həyatlarını davam etdirirlər.
İbrahim Mirzəyev- Dövlət Komitəsinin departament direktoru: “2024-cü ildə isə Şuşa, Xocalı, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə Laçın rayonunun Sus kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Şuşa rayonunun Malıbəyli kəndinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulur. Qayıdış zamanı yenə də ağır, qəzalı şəraitdə olan keçmiş məcburi köçkünlərin ilk mərhələdə köçürülməsi həyata keçiriləcəkdir”.
Həmçinin 2024-cü ildə işğaldan azad edilən ərazilərdə 1115 mənzilin tikilməsi nəzərdə tutulur. Verilən məlumata görə, 2026-cı ilə kimi 100 yaşayış məntəqəsində tikinti işləri başa çatmalıdır. Bunlardan da 8-i şəhər, 8-i qəsəbə, 84-ü isə kənddir.
Elnur Vahidoğlu
- Baxış: 291