• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 24.01.2024 20:12

Özünüməşğulluğun əhatə dairəsi 13 istiqamət üzrə genişlənib

KepezTV Player

Özünüməşğulluq tədbirinin həyata keçirilməsinin əsas məqsədi sosial cəhətdən həssas, xüsusilə yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirməkdir. Bununla onların həyat səviyyəsinin yüksəldilməsi hədəflənib. Həmçinin, sahibkarlıq vərdişlərinin aşılanması və işsizlik səviyyəsinin azaldılması burada əsas götürülür. Proqram çərçivəsində şəxslər biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunurlar.

Tural Cumalıyev- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının şöbə müdiri: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də özünüməşğulluq proqramıdır. Özünüməşğulluq –şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Özünüməşğulluq proqramı çərçivəsində DMA tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir”.

Özünüməşğulluğun zərflər siyahısında olan xidmətlərdən Gəncədə yaşayan işsizlər və işaxtaranlar da yararlanırlar. Onlardan biri də avtoçilingər kimi fəalliyət göstərən Səid Əsədovdur. Uzun müddət idi usta fəaliyyətini məhdud avadanlıqlar hesabına davam etdirib. Daha sonra isə özünüməşğulluq proqramından yararlanıb.

Səid Əsədov- usta: “20 ilə yaxındır burada işləyirəm. Sadəcə işləyəndə alətlərlə bağlı bir az çətinliyim var idi. Özünüməşğulluğa müraciət elədim. Mənə bunları verdilər. İndi işim rahatdır, işləyirəm. Pres aparatı, kompressor, padyomnik, motoru qaldırmağa danqrat, açarlar verdilər. Bunların hamısını onlar verdi. Sağ olsunlar, elə onların hesabına işləyirəm”.

Aktivlərdən yararlanan daha bir nəfər isə fotoqraf Xəyal Məmmədovdur. Bu sahədə yeni olsa da, bacarıqlıdır. Amma işini təkmilləşdirmək üçün kifayət qədər vəsaiti olmayıb. Özünüməşğulluq proqramına qoşulduqdan sonra isə öz studiyasını açıb.

Xəyal Məmmədov- fotoqraf: “5 ilə yaxındır fotoqrafiya sahəsindəyəm. Lakin avadanlıqları almağa müəyyən büdcə lazım idi. Məndə də o vəsait yox idi. Məşğulluq idarəsinə müraciət elədim. Məni özünüməşğulluq proqramına yönləndirdilər. Sonra mənə aparatlar verildi. Ondan bəri də studiyamız fəaliyyət göstərir. Çox sağ olsunlar, mənim bir çox əksiklərimi tamamladılar. Məni işıqlar, obyektiv, aparat, kompüter kimi adavanlıqlarla təmin elədilər”.

Həmçinin özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb və yeni sahibkarlıq subyektlərinin yaradılması hədəflənib. Aktual olan 13 yeni zərf yaradılıb, 18 zərfin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib.

Tural Cumalıyev- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının şöbə müdiri: “Bundan əlavə olaraq, özünüməşğulluğun əhatə dairəsi genişləndirilir, yeni 13 zərf əlavə edilməsi nəzərdə tutulur. Bu zərflər potensial biznes ideyaları üzrə aktual və iqtisadi cəhətdən dayanılqı olan sahələri əhatə edir. Onlardan, “Scooter” icarəsi, 3D print və stiker çapı, avtoyuma özünəxidmət və s. kimi zərflər daxildir. 2016-cı ildən icrasına başlanılan ÖM proqramına təkcə ötən il ərzində 17362 şəxs cəlb olunub. Onlardan 510 nəfəri Gəncə şəhərini əhatə edir”.

Aktivlər şəxsə müqavilə əsasında verilir. Müqavilə müddəti yəni 1 il başa çatdıqdan sonra isə vətəndaşın seçdiyi fəaliyyət istiqaməti onun biznes planına uyğun hesab edilərsə, həmin aktivlər vətəndaşın mülkiyyətinə verilir.

Aişə Rzayeva