• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 23.01.2024 20:54

AŞPA-nın Azərbaycana qarşı qərarının nəticəsi olmayacaq

KepezTV Player

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. Gətirilən səbəblərin isə heç bir əsası yoxdur. Səsləndirilən iddialarda Azərbaycan guya Qarabağdan erməni sakinləri zorla çıxarıb. Halbuki, ortada bununla bağlı bir fakt belə yoxdur. Təbii ki, əgər Azərbaycana qarşı hansısa qərar qəbul ediləcəksə, bu, həmin təşkilatın daxili qaydalarına uyğun olmalıdır. Hansı ki, politoqların fikrincə 2019-cu ildə bu kimi halların qarşısının alınması üçün təkmilləşdirmə işləri həyata keçirilib.

Yeganə Hacıyeva- siyasi şərhçi: “Qaldırılmış bu təşəbbüs birmənalı olaraq AŞPA-nın özünün daxili qaydalarının pozuntusu ilə həyata keçib. Çünki daxili reqlament qaydalarına görə təşkilatda məhz fəaliyyət çərçivəsində hər hansı üzv dövlətin fəaliyyətinin və imkanlarının məhdudlaşdırılması və ya digər səbəblərin üznüdən onların çıxışlarına, müraciət imkanlarının limitlənməsi, məhz 2019-cu ildə AŞPA-nın özünün qəbul etdiyi bir qətnamə ilə qadağan edilib”.

Analitiklərin sözlərinə görə bu və daha öncə avropalıların Azərbaycana qarşı qəbul etdiyi və ya etmək istədiyi bütün qərar suverenliyini tam bərpa etdikdən sonra intensiv hal alıb və qərəzlidir. Əgər vəziyyət dəyişməsə, ölkəmiz hətta təşkilatdakı fəaliyyətini dayandıra da bilər.

Sahil Kərimli- siyasi şərhçi: “Bir daha şahidi oluruq ki, Avropa Şurası 30 ilə yaxın işğal dövründə necə işğalçı Ermənistanı müdafiə edirdisə, bu gün də bu siyasət davam edir. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı dövrdə öz gücü hesabına suverenliyini bərpa etdi və bundan sonra Azərbaycan əleyhinə qərəzli və düşmənçilik siyasəti daha geniş vüsət almaqdadır. Bunun da səbəbi Aəzrbaycana qarşı qisasçılıq hissindən irəli gəlir. Əgər bu düşməçilik siyasəti qarşıdakı günlərdə də davam edərsə, əlbəttə ki, Azərbaycan dövləti öz qətiyyətli mövqeyini ortaya qoyaraq AŞPA-dakı fəaliyyətini birmənalı olaraq dayandıra bilər”.

Bu kimi təşəbbüslər müəyyən dövrlərdə nəticəsiz qalıb. Elə bundan sonra AŞPA-nın və onun simasında digər strukturların anti-Azərbaycan təşəbbüsləri heç bir önəm kəsb etməyəcək və qalib xalq olaraq xarici siyasətimiz əvvəlki kimi uğurla davam etdiriləcək. Necə deyərlər “it hürər, karvan keçər”.

Orxan Cəfərzadə