Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyimiz beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab almışıq. Bu barədə Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə bildirib. “XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna, MDB-yə, İƏT-ə, Şanxay Əməkdaşlıq Təşkilatına, GUAM-a, Türk Dövlətləri Təşkilatına və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına dəvət məqsədilə müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən, həmin təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri izləməyə çağırırlar.”, - deyə Ayxan Hacızadə vurğulayıb. O, həmçinin qeyd edib ki, 7 fevral seçkilərini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər daxil olub və akkreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.
- Baxış: 68