• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 20.01.2024 20:22

Qan yaddaşımız - qürur günümüz

KepezTV Player

Xalqımız əsrlər boyu azadlıq, müstəqilik, suverenlik arzusu ilə yaşayıb. Tarix boyu, ayrı-ayrı dövrlərdə öz azadlığına qovuşsa da, bu müstəqilliyin ömrü çox qısa olub. Ötən əsrdə, daha dəqiq 80-ci illərin sonunda xalqımızın azadlıq eşqi yenidən alovlandı. Bu alovu söndürmək üçün, 1990-cı ilin yanvarın 19-dan 20-ə küçən gecə Sovet imperiyası Azərbaycana, böyük bir hissəsi ermənilərdən ibarət olan qoşun yeritdi. Bu işğalçı ordu, xalqımızın halal haqqı olan azadlıq arzusunu boğmaq üçün əliyalın və silahsız olan Bakı sakinlərini, xəbərdarlıq belə etmədən atəşə tutdu, güllələdi, avtomobillər sərnişinlərlə birlikdə tankların altında qaldı. Nəticədə Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları da var idi. Bu faciəyə, xalqımıza qarşı törədilən qətliama ilk etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev oldu. O zaman Moskvada yaşayan ümummilli lider cəsarətli addımı ilə qanlı faciəni törədənləri lənətlədi. Bu əsl qəhrəmanlıq, həm də Azərbaycana, xalqa sonsuz sevgisinin və sədaqətinin təcəssümü idi. Bu gün o gündən 34 il ötür.

Yenə də hər il olduğu kimi, bütün Azərbaycan xalqı şəhidlərini anır. Elə ölkənin ikinci böyük şəhəri olan Gəncənin Şəhidlər Xiyabanında da izdiham var idi. Hər kəs faciənin simvoluna çevrilən qərənfillərlə üz tutmuşdu bu məkana. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən “Əbədi məşəl” abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə edilib. Saat 12-də ölkə ərazisində olduğu kimi avtomobillərdən səs siqnalları verilib və şəhidlərimizin xatirəsi yad olunub.

20 yanvar hüzn günü ilə yanaşı həm də, qəhrəman xalqımızın şərəfli tarixinin ən şanlı səhifələrindəndir. Bu tarix bir daha sübut etdi ki, azadlıq eşqi ilə alışıb-yanan xalq gec-tez öz müstəqilliyini qazanır. 2020-ci ildə qanları ilə tarix yazan şəhidlərimiz isə 34 il ərzində qurban verdiyimiz bütün canların qisasını aldı. Tarixi Zəfər və ötən ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması həm də 20 Yanvar şəhidlərinin narahat ruhlarına dinclik gətirdi. Azərbaycan var olduqca, şəhidlərimiz hər zaman qəlbimizdə əbədi yaşayacaq.