• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1825
— 19.01.2024 19:56

Taksi sürücülərinin təlimi: razı və narazılar

KepezTV Player

Xüsusi hazırlıq təlimlərinə Gəncədə ötən ilin oktyabr ayından etibarən start verilib. Azərbaycan Texnologiya Universitetində reallaşan təlimlərə bu günədək 390 sürücü cəlb olunub. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustalarının iştirakı ilə keçirilir.

Şakir Əliyev- ATU-nun Maşın mühəndisliyi və logistika kafedrasının müdiri: “Bu təlim 24 saat təşkil edilir. 18 saat nəzəri təlimdir, 6 saat praktiki təlimdir. Onu qeyd etmək istəyirəm ki, bu praktiki təlimdə onlara əsasən avtomobil daşımaları haqqında qanun, ilk tibbi yardım, sərnişinlərlə rəftar və digər təlimlər keçirilir”.

Bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 mindən çoxu artıq təlimləri bitirib.

Xaliq Qurbani- sürücü: “Təlimlər dünəndən başlayıb. 2 gündür dərslər keçirik. Müəllimimiz də çox savadlı müəllimdir. Bizə hərtərəfli başa salır. Sənədsiz maşın idarə etmək olmaz. Gəlmək lazımdır, bəli”.

Vüsal Əliyev- sürücü: “76 manat rüsum ödədik. Təlimlərdən keçəndən sonra inşallah sertifikatımızı alacağıq. Ondan sonra dövlət rüsularını ödəyib, sənədlərimizi alıb, işimizə davam edəcəyik. Təlim keçmiş sürücülər daha diqqətli olur, ona görə ki, bu təlimlərdə iştirak edirlər, dərslərdə iştirak edirlər”.

Təlimlərdə iştirak edən sürücülərlə yanaşı bir də bu prosesdən yayınanlar da var. Hazırda Gəncədə taksi fəaliyyəti ilə məşğul olanların təlimlərdə iştirak etməmələrinin səbəbini öyrəndik. 

Keçirdiyimiz sorğuda məlum oldu ki, sürücülərin əksəriyyəti üçün bu qərar ürəkaçan olmayıb. Bəziləri rüsumların çox olduğunu, digərləri isə buna gərək olmadığını qeyd elədi. AYNA isə deyir ki, xüsusi hazırlıq keçməyən sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.

Tural Orucov- AYNA-nın mətbuat katibi: “Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək”.

Güman olunur ki, xüsusi təlimin keçirilməsi taksi xidmətinin keyfiyyətinin artırılmasına, günü-gündən artan sərnişin şikayətlərinin azalmasına gətirib çıxaracaq.

Aişə Rzayeva