• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 17.01.2024 10:17

Gənc debatçı

Şah və mat. Ümumiyyətlə, belə zəka oyunları insanların danışıq qabiliyyətinə də müsbət təsir edir. Biz isə bu gün Ləman xanımla sizə natiqlik haqqında ümumi məlumat verəcəyik.

Elmə yiyələnmək, kitab oxumaq, öyrənmək və bu öyrəndiklərimizi ünsiyyət vasitəsi ilə paylaşmaq. Bir insanın formalaşması üçün ən vacib ünsürlərdəndir. Baxaq görək, nitqimizi ən mükəmməl şəkildə necə formalaşdıra bilərik?

Ləman Cəlilova- debatçı: “Nitqimizi ən mükəmməl şəkildə təbii ki, ilk olaraq kitabla təkmilləşdirə bilərik. Lakin kitab oxuyarkən diqqət etməli olduğumuz faktorlar var. Bu faktorları bir çox gənc görməzdən gəlir. Məsələn, siz nitqinizi təkmilləşdirmək istəyirsinizsə, kitabı səsli şəkildə oxumalısınız. Və kitabı oxuyarkən kitabdaki intonasiyalara da riayət etməlisiniz. Həmçinin kitab oxuyanda, sanki onu biri dinləyirmiş kimi oxusanız, daha yaxşı olar və nitqinizi təkmilləşdirər. Bundan əlavə, kitab oxumaq sizin söz bazanızı da genişləndirə bilər və danışığınızı daha da effektiv etməyə kömək edə bilər”.

Elə istəyərdim ki, debatçımızdan işi haqqında da ətraflı məlumat alaq. Sualımı belə ünvanlamaq istəyərdim ki, debat nədir?

Ləman Cəlilova- debatçı: “Demək olar ki, söz sənətidir. Debat, bizim həyatımızın hər sahəsinə təsir edir. İnsanlarla ünsiyyət qururuq, bu nitqimizdə istifadə edilir. Yəni debat hər yerdədir. Bundan başqa, debatda qazandığımız dostlar da bizim həm universitetdən tanışlarımız olur, dostlarımız olur, yəni debat hər yerdə istifadə edilir. Həmçinin biz debat layihəsində iştirak etdikdə bizə sertifikat da verilir. Əgər yaxşı çıxışınız varsa, natiq olursunuz. Məsələn, mən bu il natiqliyə seçilmişdim. 4-cü natiq idim. Və işə qəbul olduğunuz zaman CV-nizə bu sertifikatları əlavə edirsiniz və bu, sizi daha da qabağa çəkir”.

Nitqimiz nə qədər mükəmməl olarsa, özümüzü cəmiyyətə o qədər yaxşı təqdim etmiş olarıq. Ləman xanımın da vurğuladığı kimi, kitab oxumaqla nitqimizi daha da inkişaf etdirərik. Danışıq qabiliyyətimizi daha da artırarıq. Və beləliklə, özümüzü ən düzgün şəkildə ifadə edə bilərik. Bəs gəlin görək, kitab oxumaq başqa nəyə faydalıdır?

Ləman Cəlilova- debatçı: “Gənclərə başlıca olaraq kitab oxumalarını tövsiyə edərdim. Lakin bir çox gənc kitab oxumaqdan qaçır. Hətta bir çoxu fikirləşir ki, kitab oxuyacağıma filmə baxaram, çünki, elə düşünürlər ki, kitab alaram və oxuyaram, sonra bir nəticə çıxararam və bununla bitər. Əslində bununla bitmir. Kitab oxumaq dediyim kimi söz bazanızı artırır, nitqinizi təkmilləşdirir. Həmçinin başqa araşdırmalar da göstərir ki, kitab oxumaq sizin diqqət probleminizi də aradan qaldırır. Bundan başqa, xüsusilə, universitetə girən tələbələrə tövsiyə edirəm ki, debat təşkilatına qoşulsunlar. Debat onlara həddindən artıq çox şey qazandıracaq. Mənim həyatımın ən əyləncəli vaxtı elə debat təşkilatına qoşulduğum vaxt olub. Nitqinizi gözəlləşdirdikdən sonra sosiallaşmaq da asan olur, çünki insanlar bir-biri ilə ünsiyyət vasitəsi ilə, yəni nitqi ilə əlaqə qurur. Əgər sizin yaxşı nitqiniz varsa, siz insanlarla daha yaxşı ünsiyyət qura bilərsiniz”.

Ülvi Cəfərov