Fermerlərin təbirincə desək, qış fəslinin bu dövrü – yəni yanvarın ortasında yağıntı qeydə alınmırdı. Buna görə tarlalarda əkilən taxılın, xüsusilə də dəmyə ərazilərdəki bitkilərin quraqlıq səbəbindən məhsuldarlığı aşağı olurdu. Amma cari il qarın arzulanan vaxtda yağması fermerləri sevindirib. Deyirlər ki, qış bu şəkildə davam etsə və yazadək bir neçə dəfə yağıntı düşsə, kollama fazasında olan bitkinin məhsuldarlığı ürəkaçan səviyyədə olar.
Fövzü Poladov- fermer: “Qarın yağması mühüm məsələlərdən biridir. Əsas da kollama mövsümündə xeyri oldu. Yanvar ayında qarın yağmağı dənli bitkilərə müsbət cəhətdir. Daimi belə davam etsə, məhsuldarlıq çox olar. Yanvar ayında yağdığı kimi, fevral ayında da yağsa, don olmasa, məhsuldarlığımız daha yaxşı olar”.
Niyaz Abbasov- fermer: “Qarın yağması gələcəkdə məhsulun bol olmasından xəbər verir. Bu, qışa hazırlanmış dənli taxıl bitkiləri üçün çox müsbət hadisədir. Hazırda bitki havaların şaxtalı olması səbəbindən nisbi sükunət dövrünə gedir. Uzun bir zamanda normal nisbi sükunət dövrü keçirdikdə gələcəkdə bu, məhsuldarlığın bol olmasına gətirib çıxaracaq”.
Qışı yağıntılı keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın üçüncü, yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarılmasına başlamaq məsləhət görülür. Əgər səpindən sonra taxıl əkinləri suvarılmayıbsa və havalar quraq keçirsə, onda qış aylarında bitkilər mütləq suvarılmalıdır. Mütəxəssislər isə digər bir istiqamətə diqqət çəkərək qarın ziyanverici və xəstəliklərə qarşı təbii mübarizə tədbiri olduğunu deyirlər.
Hüseyn İdrisov- kənd təsərrüfatı mütəxəssisi: “Qar örtüyünün olması bir növ aldadıcı rol oynayır. Qar bitkinin üzərini örtür, siçanlar artıq hərəkətə keçir və bitki ilə qidalanır. Bu zaman islanır, axşam ərimiş qarın suyu hesabına onun bədən temperaturu minimuma düşür və siçanlar tələf olur. Zərərvericilərin süfrələri istər çoxillik əkinlərdə, istərsə də taxıl bitkilərində payızdan qoyulub. Onlar havaların isti keçməsi hesabına müəyyən qədər inkişaf fazasına başlamışdır. Həmin oyanmış o zərərvericilərin tırtılları məhv olacaqdır”.
Əkin sahələri ağ örpəyə bürünərkən ərazidə hər hansı aqrotexniki qulluq göstərilməsi düzgün hesab edilmir. Bununla bağlı danışan mütəxəssislər sadəcə dekabr ayında məhsulu gec yığılan bitkilərin tarlalarında qar yağmasa belə dondurma şumu yerinə yetirilir ki, bu da məhsuldarlığa müsbət təsir edir.
Dilarə Marlamova- kənd təsərrüfatı mütəxəssisi: “Qar yağdıqdan sonra həmin ərazilərdə heç bir aqrotexniki qulluq göstərilməməlidir. Əgər göstərilərsə, öz mənfi fəsadını verər. Elə bitkilər var ki, məsələn, şəkər çuğunduru, pambıq. Bunların yığımı dekabr ayına kimi gəlib çatır. Dekabr ayında həmin sahələr əkinə hazırlanmalıdır. Müxtəlif torpaq iqlim şəraitlərində həmin zonalara aid olan dərinliklərdə dondurma şumu aparılır. Bu dondurma şumunun yüksək xeyirli səbəbləri var. Yəni həm məhsuldarlığı artırır, həm də o cümlədən torpaqda qalan xəstəliklərin, zərərvericilərin, alaq otlarının töküntülərini, onların yaradıcı qüvvələrini məhv edir. Bu, dondurma şumunun səbəbində və donun nəticəsində olur”.
Bütün bunlarla yanaşı qış aylarında qarın normada yağması su ehtiyatlarının bol olmasına gətirib çıxarır. Bu, yay dövründə bol sululuğa şərait yaradaraq əkinlərin suvarılması üçün önəmlidir.
Orxan Cəfərzadə
- Baxış: 95