Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub. Ümumi ərazisi 150 hektar olan bağda Türkiyədən gətirilən 141 min sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub.
Dövlət başçısı Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib. 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq. Dövlət başçısına bildirilib ki, Ağdam, Laçın və Cəbrayıl rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq.
Prezident Lənkəranda yeni inşa edilən müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub. Ümumi saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir.
Dövlət başçısı “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub. Müəssisədə 5 növdə və 56 çeşiddə, o cümlədən karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir.
Prezident İlham Əliyev Neftçala rayonuna səfər edib
Prezident İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib. Layihə Neftçala rayonu üzrə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. İndiyədək su xəttinin 64 kilometrlik hissəsi çəkilib, anbarların və nasos stansiyasının tikintisi davam etdirilir.
Azad Mustafayev
- Baxış: 76