Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, Gəncə Xanlığının sonuncu hökmdarı Cavad Xanın xatirəsi anılıb. Tədbir iştirakçıları tərəfindən Cavad Xanın türbəsi ziyarət olunub, məzarı üzərinə çiçəklər düzülüb, ruhuna dualar oxunub. Cavad Xanın Azərbaycanın, xüsusilə də Gəncənin tarixindəki xidmətlərindən, azadlıq uğrunda apardığı mübarizədən danışılıb. 220 il əvvəl 1804-cü ilin yanvarında, Rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad Xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşub. Qeyri-bərabər döyüşdə Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar.
Müzadil Həsənov- “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti: “Cavad Xan xalqımız üçün, millətimiz üçün bir örnəkdir, nümunədir, qəhrəmanlıq, əyilməzlik, mübarizlik simvoludur və mən əminəm ki, şəhid xanımızın da ruhu şaddır, çünki onun nəvə-nəticələri onun yolu ilə gedərək, qəhrəmanlıq nümayış etdirərək torpaq uğrunda, vətən uğrunda necə mübarizə aparmağı bütün dünyaya sübut etdilər, göstərdilər”.
Pərvin Abbaszadə
- Baxış: 145