Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Bu günlərdə mağaza və marketlərin satışında ən çox rast gəlinən məhsullardan biri də məhz Yeni il hədiyyələridir. Ancaq bu hədiyyələrin içərisində olan məhsulları əvvəlcədən müəyyənləşdirmək olmur.
Rüstəm Həsənov- şəhər sakini: “1 mantlıqlara çox yaxın getmirik. Daha yaxşı olar ki, 4-5 manatlıq daha keyfiyyətli olar, onu alırıq adətən”.
Ülviyə Səfərova- şəhər sakini: “Keyfiyyətsiz olur. Köhnə olur, vaxtı keçmiş olur. Almırıq. Ona görə də qutunu alıb, özüm doldururam. Misal üçün; suxarik, çipsi almıram. Nə lazımdır, onları qoyuram”.
Nuranə Məmmədova- şəhər sakini: “Bilmirik axı onun içində nə var. Tarixi keçib-keçməyib. Ona görə özümüz qabı alıb, içinə bidiklərimizi doldururuq”.
Satıcılar bildirir ki, satışda olan Yeni il hədiyyələri 1 manatdan başlayan qiymətlərlə alıcılara təqdim olunur. Ancaq bu məhsulların keyfiyyəti barədə qablaşdıran tərəf cavabdehlik daşıyır.
Vüsal Cəfərov- satıcı: “Qiymətlər 3 manatdan başlayır, 18-20-yə kimi davam edir. İçərisinə də şirniyyatlar, oyuncaqlar qoyuruq. Əsasən şirniyyatların vaxtlarına baxırıq. Ən azından 5-6 ay vaxtları olsun. Gün ərzində 7-8 manatlıqlar daha çox satılır. Onların şirniyyatları daha yaxşı olur. Bir də boş qutu alıb, özləri içinə şirniyyat alıb, doldururlar”.
Röyal Məhərrəmov- satıcı: “Yeni il hədiyyələrimizin qiymətləri 1 manatdan başlayır. 1-3-5. Əsasən içindəki şirniyyatlara görə qiymətlərimiz dəyişir. İçində uşaqlar üçün daha keyfiyyətli şirniyyatlar olsa 15-18 manat olur. Ucuzvari şirniyyatlar, İran malları olduqda isə 3-5 manata olur. Onları yığanda əsasən şirniyyatların tarixinə, paketlərin ağzının açıq olmamasına diqqət edirik”.
Mütəxəssislər deyir ki, söhbət azyaşlıların qidalanacağı məhsulların keyfiyyətindən gedirsə, valideynlər ehtiyatı əldən verməməlidir. Qida dəyəri yüksək olan məhsulların alınmasını diqqətdə saxlamalıdırlar.
Aidə Əsgərova- qida eksperti: “Qida məhsullarının eksperti olaraq hədiyyə əldə etmişik. Və nümunə olaraq qeyd etmək istəyərdim ki, bu məmulatın üzərində istehlakçı üçün lazım olan məlumatlar, ən əsası valideynlər üçün lazım olan məlumatlar yoxdur. Misaal olaraq qeyd etmək istəyərdim ki, saxlanma müddəti qeyd olunmamışdır. Halbuki, tərkibində olan məhsulun son saxlanma müddəti o qablaşdırıcı məhsulun üzərində olmalıdır. Bundan əlavə, valideynlərə tövsiyəm ondan ibarətdir ki, uşaqlarına hədiyyə alarkən onun tərkibinə diqqətli olsunlar. Belə ki, konservant olaraq E200, 210, 202, 248 qida qatqıları ümumiyyətlə uşaq qidası üçün təhlükəldir”.
Həkimlər isə hazır qablaşdırmaların tərəfdarı deyil. Hədiyyələrin vitamini zəngin olan məhsullarla hazırlanmasını məsləhət bilirlər. Belə hədiyyələrin içərisində olan təkcə qida məhsulları deyil, həm də oyuncaqlar uşaqlar üçün təhlükəli ola bilər.
Şirxan Vəliyev- həkim: “Valideynlərin ən çox diqqət eləməli olduqları yeməli hədiyyələrdir. Yəni şirniyyatlar və bu qrupdan olan digər vasitələrdə tərkibində kimyəvi maddələr, qlütenlərin çox olması, uşaqlara allergiya törədə biləcək və yaxud həzm sistemi problemi yaradacaq şirniyyatlara fikir verilməli və onlardan uzaq durulmalıdır. Digər oyuncaqlarda isə ən çox diqqət edəcəkləri polietilen tərkibli bəzi kimyəvi maddələrin oyuncaqların tərkibində olmamasıdır, bu maddələrin üzərindəki tozcuqlar və ya özləri allergik olub, uşaqlara sonradan ciddi zərərlər verə bilər”.
Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, Yeni il ilə əlaqədar satılan və içərisində qida məhsulları olan bu cür hədiyyə qutularını alarkən diqqətli olmaq lazımdır. İstehlakçılar belə məhsulları alarkən qida məhsulunun çeşidindən asılı olaraq adı, tərkibi, miqdarı, istehsal və son istifadə tarixi, saxlanma şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri kimi məlumatlara diqqət yetirməlidirlər.
Aişə Rzayeva
- Baxış: 157