Moda - geyim, ayaqqabı, aksessuarlar, saç düzümü, makiyaj və hətta gündəlik həyatda istifadə etdiyimiz əşyaların, il ərzində populyarlığını müəyyən edən anlayışdır. Bir sözlə, moda elə həyatın özüdür. İstər kişi, istərsə də qadınların böyük əhəmiyyət verdikləri modada hər il fərqli yeniliklərlə bərabər, keçmiş illərin trendləri də yenidən gündəmə gələ bilər.
Elza Rzayeva- geyim üzrə dizayner: “Ümumiyyətlə kimin zövqü necədir, bədənə uyğun, öz zövqünə uyğun formalar seçir. Ancaq belə dəblə ayaqlaşsaq, artıq 80-ci, 93-cü illərin formaları artıq yenidən dəbə qayıdıbdır. 2024-cü ildə ən çox şifon parçalara üstünlük verilir, sonra pressa deyilən parçalar var, onlar dəbə alınıbdır. Bir də kaşmir deyilən parçalar var. Kostyuma, yüngül paltolara bax, o parçalar artıq dəb formasını alıbdır”.
Zövq ən böyük trenddir. Bu gün dəbdən çox zövqlə geyinmək dəbdədir. Arifə Qasımova da xanımlara onlara yaraşacaq tərzdə geyinmələrini, öz tərzləri ilə dəblərini formalaşdırmağı tövsiyə edir. Bununla yanaşı bu il dominant olan rənglərdən də danışıb.
Arifə Qasımova- modelyer: “2023-cü ilin dəblərindən fərqli olaraq üzümüzə gələn il “əjdaha ili” olduğu üçün, əjdaha, bildiyimiz kimi parlaq rəngləri daha çox sevir yəni gümüşü, qızılı parlaq rənglər üstünlük təşkil edəcək. Bundan başqa, xanımların ziyafət geyimlərində də bu parlaq rənglər üstünlük təşkil edəcək. Hətta onların baş geyimlərində, ayaqqabılarında, çəkmələrində parlaq rənglər üstünlük təşkil edəcək. Qış dövrü üçün - üzümüzə gələn “əjdaha ili”ndə əsas sarı, qızılı tonlarda, tünd yaşılı çalarlarda rənglər dəbdə olacaq”.
Bundan əlavə, geyimlərdə assimmetriyalar 2024-cü ilin əsas trendlərindən olacaq. Həmçinin daha boş və rahat geyimlərə üstünlük veriləcək.
Arifə Qasımova- modelyer: “Paltarlarda bildiyiniz kimi assimmetrik və simmetrik formalar var. Adətən assimmetrik formalı paltarlar üzümüzə gələn il dəbdə olacaq. Yəni bir hissəsi var, bir hissəsi yoxdur. Qolun biri var biri yoxdur, belə bir paltarlar dəbdə olacaq. Qış geyimləri, yəni paltolara nəzər saldıqda uzun olanlar, çiyin hissələri böyük biçimlərdə paltolar, mantolar, gödəkcələr dəbdə olacaq”.
Geyim üzrə dizayner gələn il kişi geyimlərində dəbdə olacaq model və rənglərdən də danışıb. Kolleksiyada daha çox əvvəlki illərdə olan modellərə rast gəlinəcək.
Reyhanə Ələsgərova- geyim üzrə dizayner: “Bir neçə ildir ki, kişilərdə də əlvan rənglər, daha xoş rənglər trenddir. Kişilərdə demək olar ki, cızıqlı pencəklər, dama olan köynəklər, onların çalarları, “əjdaha ili” ilə əlaqədar olaraq əjdahanın çalarları, daha çox dəbdə olacaq. Qaldı ki, modellərə demək olar ki, neçə ildir ki, modellər təkrar olunur. Dəyişiklik çox deyil. Yenə açıq mavi, yaşıla çalan mavi, narıncı ilə mavinin qarışığı daha çox olacaqdır”.
Paltarlarda, akssesuarlarda və ayaqqabılarda hər il müxtəlif rəng və modellər məşhurluq qazanır. Trenddən asılı olmayaraq, canlı rənglərdən istifadə isə insanın ruh aləminə müsbət təsir göstərir.
Aişə Rzayeva
- Baxış: 375