• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 19.12.2023 19:35

Hotel və restoranlarda Yeni il sıxlığı

KepezTV Player

Müştəriləri cəlb etmək üçün müxtəlif proqramlar və əyləncələr təklif edən restoranlar və hotellər bir-birləri ilə rəqabətə giribər. Eyni zamanda yeni ilə sayılı günlər qalan ərəfədə artıq belə məkanlarda yer tapmaq da çətinləşir. Hotellərdə yerlərin 80% -i Yeni il şənliyi üçün əvvəlcədən rezervasiya olunub. 

Samirə Rüstəmova- hotel müdiri: “Hal-hazırda telefon zəngləri də çoxalıb, artıq olan rezervasiyalar da var. Əvvəlcədən müştərilər zəng edir, araşdırır, necə tip otaqlarımız var. Ailəvi daha çoxdur, çünki Yeni il təbii ki, ailə bayramıdır. Hal-hazırda doluluq var. Yeni il ilə bağlı artıq dekorasiya işlərimiz də başlayıb. Gördüyünüz kimi, foye də bəzənilib və ayın 31-i bizim özəl menyu ilə qala şoumuz olacaq. Biletlər artıq satışdadır”.

Elmar Bağırov- hotel meneceri: “Bəli, keçən aylara baxdıqda, ümumiyyətlə keçən ilə nisbətən bu ilin Yeni ilinə rezervasiyalar daha çoxdur. Bu ilin sonuna demək olar ki, 70% yerlərimiz dolub. Bildiyimiz kimi 29-dekabr- 6 yanvar aralığında qeyri-iş günləri olduğu üçün, bu ərəfələr artıq indidən rezervasiyalar başlayıbdır, zənglər artıbdır. Bayram günündə qalanlar üçün xüsusi bir otaqlarda qonaqlar üçün özəl hədiyyə edirik”.

Eyni sözləri restoranlar üçün də demək olar. Yeni il gecəsinə xüsusi hazırlaşan əyləncə məkanları müştərilərə əsl əyləncə yaşatmaq üçün müxtəlif şou-proqramlar hazırlayırlar. Elə menyu da tərkibinə görə fərqlənir. 

Emin Məmmədov- restoran sahibi: “Dekabrın 15-dən sonra artıq Yeni il tədbirləri keçirmək istəyən qonaqlar müraciət edirlər. İstər kupe otaqlarda olsun, istər böyük zallarda olsun. Kooperativ Yeni il şənlikləri keçirmək üçün müraciət etmək istəyənlər var və Yeni ildən sonra da belə daxil olur artıq. İnanıram ki, qeyri-iş günlərində doluluğumuz yüksək olacaqdır”.

Səxavət Süleymanov- restoran sahibi: “Bizim restoranda Yeni illə bağlı sıxlıq müşahidə olunur. Yerlərimizin artıq 80% üstü doludur. Yerlərimizin artıq bir çoxu tutulubdur. Öz iş təcrübəmə görə deyə bilərəm ki, Yeni ildə qonaqlarımızın sayı daha çox olur və onların ən çoxunu rayonlardan və Bakı şəhərindən gələn qonaqlar təşkil edir”.

Simur Ələsgərov- restoran sahibi: “Həmişə olduğu kimi öncədən rezervasiyalar var və bu, qrup şəklində də olur. Biz bunu öncədən bir planlaşdırma edirik. Həmin günü üçün, yəni dekabrın 31-i üçün biz fix bir menyu tətbiq edirik, amma ondan sonrakı qeyri-iş günləri olduğu üçün çox böyük bir həcmdə sıxlıq olur. Hər kəs gəlmək istəyir”.

Artıq restoran və otellərdə Yeni il ab-havalı dekorasiya işləri yekunlaşıb. Hazırlanan proqramlar isə əsasən ailələr üçün nəzərdə tutulub. Müştərilərin əksəriyyəti də yerli turistlərdən ibarətdir. Eyni zamanda sözügedən müəssisələr tərəfindən qonaqların cəlb olunması üçün xüsusi  təkliflər də hazırlanıb.

Zaur Bayramov- Gəncə Regional Turizm İdarəsinin rəisi: “Xüsusilə bu il bir neçə yerli müəssisələr formalaşdı ki, o müəssisələr də artıq turistlərin cəlb olunması istiqamətində müəyyən kampaniyalar keçirirlər. Bu kampaniyalar Yeni il bayramlarını əhatə edir. Yeni il, Novruz bayramı və o cümlədən xüsusi günlərdə xüsusi kampaniyalar edərək yerləşmə, qidalanma, bəzi hallarda şəhər gəzintiləri turları təşkil edərək, müəyyən kütləni cəlb edə bilirlər. Yeni illə bağlı biz bir neçə müəssisə ilə əlaqələr qurduq və məlumatlar almışıq. Artıq o müəssisələr Yeni il şənlikləri, o cümlədən paket halına salaraq yerləşmə və şəhər gəzinti turlarını təşkil etmək şərti ilə müəyyən paketlər hazırladılar və satış baxımından desək bir neçə hotellər artıq 70-80% satışlarını icra ediblər”.

Yeni ili ev mühitindən kənarda qarşılamağı düşünənlər üçün hər büdcəyə uyğun qiymətə hotel və restoranlar mövcuddur. Hətta bəzi restoran və hotellər bayram günlərində sözügedən əyləncə paketlərinin qiymətlərinə nisbətən endirim də ediblər.

Pərvin Abbaszadə