Körpəni qidalandırmaqda ana südü və ya əlavə qida seçmək ana olanların verəcəyi mühüm qərarlardan sayılır. Təbii ki, ana südü körpələr üçün ən yaxşı seçim hesab olunur. Bu, infeksiyalara qarşı müdafiəni gücləndirir, allergiyanın qarşısını alır və körpəni bəzi xroniki xəstəliklərdən qoruyur. Ona görə də ilk 6 ay körpələr üçün ana südü vacib hesab olunur.
Xəyalə Əhmədova- pediatr: “Öncəliklə ana südünün proteinləri yəni zülalı, heç bir heyvani süddə aşkarlanmır. Uşaq üçün ən yaxşı mənimsənilən ana südüdür. Biz deyə bilərik ki, süni qida pisdir. Təbii ki, onların içərisində də yaxşıları var. Amma ana südünü əvəz etmir. Ana südünün önəmliliyi eyni zamanda uşaqları günümüzdə olan bu infeksion xəstəliklərdən də qoruyur. Çünki ananın ilk gündən uşağa süd verməsindən dolayı anadan uşağa immunoqlobulinlər keçir ki, bu da xüsusilə qızılcadan, məxmərəkdən, qulaqdibindən qorumuş olur. Uşaqlar ən az 1 yaşına kimi o xəstəliklərdən qorunmuş olurlar”.
Valideynlər də həkim məsləhətindən yanadırlar. Çünki uşaqları üçün ana südü həm də xərc baxımından qənaət deməkdir.
Fatma Abdullayeva- valideyn: “Nəvəm yeni doğulub. Çalışırıq ki, ana südü ilə qidalandıraq. Çünki ana südü bütün qidalardan üstündür. Uşağı bütün infeksiyalardan qoruyur. Suni qidalardan uzaq olmağa çalışırıq”.
Qənirə Mirzəyeva- valideyn: “Ana südü verirdik. 7 ayından sonra sıyıqlara başladıq. Sora da yavaş-yavaş yeməklər. Əlbəttə ki, ana südü yaxşıdır. Uşaq onda sağlam olur”.
Ana südü, şübhəsiz ki, körpələr üçün ən yaxşı qida seçimi olsa da, bu südlə qidalandırmaq hər qadın üçün mümkün olmur. Bəzi analar müxtəlif səbəblərdən körpələrinə ana südü verməkdən imtina edirlər və ya verə bilmirlər. Belə olduqda isə mağazalarda satışda olan müxtəlif çeşidli qidalara üstünlük verilir. Hansının ki, qiymətləri əl yandırır.
Rövşən Hüseynov- satıcı: “Uşaq qidalarımız cürbəcürdür. 10, 20, 50, 100 manata da var. Bu qiymətlərin belə fərqli olmaları isə firmalardan asılıdır. Müştərilər hansı cibinə uyğundursa, onu da ala bilər. Qiymətlərdə də hələ ki, hər hansı qiymət artımı yoxdur, stabildir”.
Fərqli qiymətlərə və çəkilərdə təqdim edilən bu qidalar uşağın yaşından asılı olaraq ailəyə maksimum 1 həftə kifayət edir. Yəni ay ərzində ortalama 4-5 qutu yemək alınmalıdır. Bu isə hər yenidoğulmuşun valideynlərinin cibinə uyğun deyil.
Şəfa Süleymanova- valideyn: “Gəlmişəm uşaq üçün yemək almağa. Qiymətləri çox bahadır. Bir yemək demək olar ki, 4-5 gün ancaq görür. Sıxışdırıb almaq olmur. Bizim vaxtımızda belə şeylər yox idi. O vaxtı hamı ana südü verirdi. İndi bütün valideynlər demək olar ki, bunlardan istifadə edir”.
Ekspertlərin fikrincə, ölkəmizdə uşaq üçün olan süni qidaların qiymətləri qonşu ölkələrlə müqayisədə 30 faiz bahadır. Bu da həmin məhsulların Azərbaycanda istehsal edilməməsi, xaricdən idxal olunması ilə əlaqələdir. Amma istənilən halda ana südünün əvəzi yoxdur, əgər məcburiyyətdən süni qidalara keçilmirsə.
Aişə Rzayeva
- Baxış: 191