• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 13.12.2023 19:54

Şadlıq saraylarında mühafizənin təşkili

KepezTV Player

Gəncədə toyda düşən mübahisə zəminində 4 nəfər bıçaq xəsarəti almışdı. Hadisəni daha ətraflı öyrənmək üçün olayın baş verdiyi ünvana yollandıq. Ancaq nə hadisə haqqında, nə də mühazifənin təşkili barədə məlumat ala bilmədik. Restoran əməkdaşları danışmaqdan imtina etdilər. Tez-tez yaşanan belə hadisələr şadlıq saraylarında mühafizə xidmətinin necə təşkil edildiyini gündəmə gətirir.

Mövzudan yola çıxaraq Gəncədə fəaliyyət göstərən şadlıq saraylarına yollandıq. Burada təhülkəsizliyə necə nəzarət olunması və mühafizə xidmətinin olub-olmaması ilə maraqlanacağıq.

Nizami Qasımov- inzibatçı: “Əsas ev yiyəsindən asılıdır. Ev yiyəsi normal insan olarsa, yaxşı nəzarət edərsə, heç bir vaxt məclislərində elə bir şey olmur. Olanda da mən özüm şəxsən bütün toyu, zalı idarə edirəm. Nəinki mən, ayrı bir yoldaş da var, onunla birlikdə. Sonra müəyyən orqanlara xəbər veririk”.

Belə zallarda azı 300 nəfərin iştirakı ilə toy məclisləri keçirilir. Kütlənin çox olması, təhlükəsizlik xidmətinin olmaması isə baş verə biləcək xoşagəlməz hadisələrin yaranmasına zəmin yaradır.

Çəkiliş zamanı şadlıq saraylarından birində siqnalizasiya sisteminin oduğunun şahidi olduq. Bildirildi ki, yaranan hər hansı hadisə zamanı olaya mühafizə polisi müdaxilə edir.

Elmar Hüseynov- inzibatçı: “300-400 nəfərlik toylarımız olur. Bəzi hallarda bizdə də elə problemlər olur. Çalışdığımız qədər özümüz də onları aradan qaldırırıq. Edə bilmədiklərimizi də, biz mühafizə polisi ilə əməkdaşlıq edirik. Dərhal onlara xəbər veririk. 7-8 dəqiqə ərzində yaxınlaşırlar, problemi aradan qaldırırlar”.

Mübahisələr bir çox hallarda obyekt sahibinə maddi zərər də vura bilir. Belə olan halda, şadlıq sarayına dəyən ziyan toy sahibi tərəfindən qarşılanır. Toyunda, xoşagəlməz hadisənin şahidi olan ailələrdən birinin nümayəndəsi ilə həmsöhbət olduq.

Elgiz Əbilov- şəhər sakini: “Bu yaxın müddətdə də bizim toy məclisində xoşagəlməz hal oldu. Yəni toyda dava düşdü. Düzdür, çox ziyan olmadı, ancaq belə şeylər həm toy yiyəsinə, həm gələn qonaqlara, həm də restoranın reytinqinə xələl gətirir. Çalışmaq lazımdır ki, belə hallara yol verilməsin”.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, post patrul xidmətinin əməkdaşları insanların sıx toplaşdığı yerlərdə xidmət həyata keçirirlər. Ticarət mərkəzləri və şadlıq saraylarının qarşısı isə xüsusi nəzarətdə saxlanılır.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Qanunla polis əməkdaşları şadlıq evlərinin mühafizəsini keçirməlidir deyə bir şey yoxdur. Əgər şadlıq evləri rəhbərliyi bu işdə maraqlıdırsa, özəl mühafizə xidmətləri və ya Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi var. Ora ilə müqavilə bağlayıb, müqaviləli şəkildə həmin ərazinin mühazifəsini təmin edə bilər. Yenə də polis əməkdaşları da həmin ərazidə xidmət aparırlar. Lakin şadlıq evinin daxilində hər hansı xidməti həyata keçirmirlər”.

Müşahidələr onu göstərir ki, toyda baş verən neqativ hadisələrin əksəriyyəti spirtli içkinin təsiri altında olan insanlar tərəfindən törədilir. Bundan başqa, musiqi sifarişi, mental dəyərlərə gözardı yanaşma kimi hallar da dava-dalaşa səbəb ola bilir. Ancaq unutmaq lazım deyil ki, elimizin toy kimi bir adəti var. Toyda da yeyib, deyib-gülüb, şənlənmək, məclis sahiblərinin sevincinə şərik çıxmaq ən uyğun və məsləhət olanıdır. 

Aişə Rzayeva