• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 09.12.2023 13:27

Prezident: 2026-cı ilin sonunadək 140 min insanı Qarabağ və Şərqi Zəngəzurda yerləşdirməyi hədəfləyirik

KepezTV Player

“Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”. Bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. İnfrastruktura, yaşayış yerlərinin inşasına böyük vəsaitin yatırılmasının vacibliyi vurğulanıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq”.

Dövlət başçısı danışıqlar prosesinin təxminən üç ili ərzində Ermənistanın hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq niyyətinə də toxunub. "Bu, bizim daxili işimizdir", - deyən Prezident İlham Əliyev məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmədiyini də diqqətə çatdırıb. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”.

Prezident İlham Əliyev ölkəmiz beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyini bildirib. Dövlət başçısı Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dördüncü ildir sədrlik etdiyini xatırladıb. Prezident vurğulayıb ki, 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Beləliklə, bizim Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi siyasətçilər beynəlxalq birlik haqqında danışdıqda onlar ola bilsin ki, onlarla ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir.