• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 29.11.2023 19:56

Abituriyentlər üçün "Məzunların məşğulluq reytinqi" platforması

KepezTV Player

Ali məktəbə hazırlaşan hər bir abituriyenti “Görəsən, hansı ixtisası seçim?, hansı universitetdə təhsil almaq daha yaxşıdır?, təhsilimə uyğun iş tapa biləcəyəmmi?” kimi suallar maraqlandırır. Bu mərhələdə onların köməyinə “Məzunların məşğulluq reytinqi” platforması gəlir. Sistemin yaradılmasının məqsədi, abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etməkdir.

Gülçin İsmayılzadə- abituriyent: “İşimi Bakı Dövlət Universitetinin hüquq fakültəsinə vermək istəyirəm. Məni maraqlandıran budur ki, gələcəkdə oxuduğum ixtisas üzrə iş tapa biləcəmmi? Gəncədə çünki bu fakültə belə yoxdur. Gələcəkdə iş necə olacaq, məni maraqlandırır. Bu platformanın yaradılması yaxşı oldu. Mən də maraqlanacam ki, BDU-da hüquq fakültəsini bitirənlər, gələcəkdə Gəncədə iş tapa bilibmi”.

Zərifə Bayramova- abituriyent: “Gələcəkdə ingilis dili müəlliməliyi ixtisasını seçmək istəyirəm. Hazırda bu ixtisasa iş verən abituriyent çoxdur. Mənə maraqlıdır ki, gələcəkdə bu sahədə iş tapa biləccəmmi. Bu platformanın yaradılması mənə və digər abituriyentlər üçün yaxşı oldu”.

Platforma ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərini, onların məzunlarını və abituriyentləri əhatə edir. Universitetlərdə təhsil almaq istəyən gənclərimiz bu sistem vasitəsilə həm ali təhsil müəssisələrinin əmək bazarında təmsil olunması meyarları ilə tanış olacaq, həm də seçdikləri ixtisaslar üzrə tədrisin daha yaxşı təşkil olunduğu ali məktəblər haqqında müfəssəl məlumatlar əldə edə biləcəklər. Hansı ixtisasa əmək bazarında daha çox ehtiyac var, hansına təlabat daha azdır.

Elman Sadıqov- DMA-nın Əmək bazarının təhlili departamentinin müdiri: “Dövlət məşğulluq agentliyi olaraq biz bu platforma vasitəsilə iş dünyası ilə universitetlər, təhsil sektorunu daha da yaxınlaşdırırıq. Və təhsil sektroru- universitetlər öz məzunlarının həm də işlə təmin olunmasında maraqlı olurlar. Çünki öz reytinqləri üçün və əlavə olaraq o, öz məzunlarını təqib edəcək, öz məzunları izləyəcəklər, onların karyeraları ilə maraqlanacaqlar və bu da həmin məzunların iş tapma imkanlarını daha da genişləndirəcək. İş dünyası da universitetlərlə daha sıx əlaqə quracaq. Özlərinə lazım olan kadrların tələblərinin daha dəqiq bir şəkildə formalaşdıraraq universitetlərə təqdim edə biləcəklər ki, bu da önəmli faktorlardan biridir”.

Bütün bunlar universitetlərin əmək bazarının tələbatına uyğun, bacarıqlı mütəxəssislər hazırlamalarına xidmət edəcək.

Elman Sadıqov- DMA-nın Əmək bazarının təhlili departamentinin müdiri: “Həmin ixtisası bitirən bir tələbənin, məzunun faktiki olaraq hansı işəgötürənlər tərəfindən işə qəbul olunma ehtimallarının yüksək olması, dövlət və ya özəl sektorda işləyəcəkləri və ya hansı regionda işləyəcəkləri, hansı əmək haqqı ilə ilkin müqavilə bağlama ehtimalları və.s biz bunu açıq şəkildə görürük. Yəni hər bir abituriyent bunu analiz etdikdə artıq özündə müəyyən bir təsəvvür formalaşır ki, mən öz istədiyim, seçdiyim ixtisası hansı universitetdə alsam, əmək bazarında iş tapma və ya daha yüksək əmək haqqı ilə iş tapma ehtimalım daha yüksək olacaq”.

Hazırda cəmi 11 universitet bu platformada qeydiyyatdan keçib. Sistemdə 2018-ci ildən bəri məzun olan tələblələrlə bağlı məlumatlar əks olunub. Platformada mütəmadi təkmilləşdirmə işləri aparılacaq.

Aişə Rzayeva