• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 803
— 19.11.2023 20:44

STEAM-in finalında Nizami yurdunun məktəbliləri də var

KepezTV Player

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsidir. Burada yaradıcı, rəqəmsal, texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması əsas götürülür. Şəbəkələşmə, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verilir. Bu üzdən regionlarda STEAM mərkəzlərinin fəaliyyəti diqqət mərkəzindədir.

Rauf Abışov- Gəncə STEAM mərkəzinin koordinatoru: “STEAM mərkəzimizdə müxtəlif modullar üzrə dərslər təşkil olunur. Bu modullar senser, lazer kesim aparatları, mikrobitlər, dron, elektrik mühəndisliyi, robototexnika üzrə hətta aşağı yaş qrupları da gəlib mərkəzdə çalışa bilərlər. Əvvəlki illərdə də gəlib mərkəzimizdə çalışan şagirdlərin uğurları çox olub”.

Bu il keçirilən STEAM Azərbaycan Festivalına 5 minə yaxın məktəbli qatılıb. Gəncə-Daşkəsən regional təhsil idarəsinin 44 komandasından 8-i isə finala vəsiqə qazanıb. Onlardan 6-sı Gəncəni təmsil edir.

Yaşar Səfərəliyev- şagird: “Bu il biz devolop komandası olaraq “Saf 2023” turnirinə qatılırıq. Biz burda “VEX İQ” kateqoriyasından seçim etmişik. Hansı ki, ötən il də bu kateqoriyadan getmişdik. “Saf”da nəticə edə bilməsək də, martda keçirilən “VEX İQ” turnirinə qatıldıq. Orda Azərbaycanda ikinci yerə çıxdıqdan sonra biz amerikada dünya çempionatına yollandıq. Orda çoxlu təcrübə qazandıq. İnanırıq ki, “SAF-2023” turnirinə qatılıb, daha yaxşı nəticələr əldə edəcəyik”.

Ümid Əsgərov- şagird: “Məktəbimizdə STEAM layihəsi olmamasına baxmayaraq, müəllimlərimizin təşəbbüsü ilə bu yarışlara qoşulmuşuq. Biz artıq 2-ci dəfədir ki, STEAM Azərbaycan festivalına qoşuluruq. Keçən il dron kateqoriyası üzrə bürünc medala layiq görüldük. Bu il isə kateqoriyamızı dəyişərək təcrübəmizi artıraraq “H2 Qrant X” kateqoriyasına qoşulmuşuq. İnşallah qələbə qazanmaq məqsədilə bu yarışa qoşulmuşuq”.

Ramazan Rzayev- şagird: “Bizim komandamızın adı “Little dragon”dur. Mən və mənim komanda yoldaşlarım burada konsert yeri, muzey, bilet mərkəzi, kinoteatr maketi qururuq. Bunları kompüterdə kodlaşdırırıq və işlədirik. Çox sevinirik ki, Bakıda finala çıxmışıq. İnşallah, biz qazanarıq”.

Festival 15 kateqoriya üzrə yarış və 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək.

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Final mərhələsi 4-8 dekabr tarixində Bakı Ekspo Mərkəzində həyata keçiriləcək. Qeyd edim ki, 2022-2023- cü tədris ilində isə 15 komandamız STEAM Azərbaycan festivalının finalında müvafiq yerlərə layiq görülmüşdür. Ümumtəhsil müəssisələrində biz daimi piar işi aparırıq ki, STEAM dərslərinə qoşulmaqla bağlı və Gəncə şəhərində fəaliyyət göstərən STEAM mərkəz var ki, STEAM tədris olunan və ya olunmayan bütün ümumtəhsil məktəblərində şagirdlər yaxınlaşıb burada dərslərə qatıla bilərlər”.

STEAM təhsil metodu elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Aişə Rzayeva