• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 15.11.2023 19:47

Saxtalaşdırılan tarixi abidələrimiz

KepezTV Player

Göygöl rayonunun Şəhriyar kəndində iki qədim abidə var. Onlardan biri olan Qabriyel kilsəsi rəsmi mənbələrə görə, 1674-cü ildə inşa olunub. Mütəxəssislərin fikrincə, tikilidəki işarə və yazılar abidənin bir az da qədimə söykəndiyini söyləməyə əsas verir. Tipik Qafqaz memarlığı üslubunda tikilən alban məbədində erməni xislətinin izləri də var. Xaçların əks olunduğu sütunların kustarcasına dəyişdirilməsini sezmək olsa da, abidənin ermənilərlə bağlılığı yoxdur. Hətta məbədin vaxtilə ərazidə yaşayan xristian türklərin tikdiyi də ehtimal olunur.

Bəxtiyar Məhərrəmov- tarixçi: “Burada türk simvolikası var - 8 guşəli ulduz, Günəş, hərəkət edən çarx, dördkünc, yanlarında naxışı olan, dünyanın dörd qütbünü əhatə edən bir işarə, sonsuzluq rəmzi olan müəyyən işarələr. Bunlar hamısı türklərdən gələn bir işarə sistemidir. Əslində, buna görə göstərmək olar ki, bunu tikən xristian türklərdir”.

Qabriyel kilsəsində başqa məbədlərdə olmayan işarələrə də rast gəlmək olur.

“Kiçik Qafqazın alban memarlıq üslubunda tikilən digər abidələri ilə demək olar ki, memarlıq üslubu eyni olan bu məbədi fərqləndirən cəhətlərdən biri, qarşı-qarşıya olan apostolun fiqurlarına oxşar sütun sonradan buraya yerləşdirilib. Eyni zamanda ermənilər buradan təsərrüfat məqsədilə əraziyə xas olan bitkilərin yağını istehsal etmək üçün istifadə ediblər.

İkinci məbəd isə kəndin 3-4 kilometrliyində dağlıq ərazidə yerləşir. Abidənin bəzi hissələri uçsa da, divarlarına diqqət yetirərkən nə vaxtsa abidədə təmir işlərinin həyata keçirildiyini sezmək olur. Daha qədim hesab olunan bu abidədə də digərində olduğu kimi sonradan qoyulan sütunlar gözə çarpır.

Kəndin içərisində olan məbədələr yüksəlikdə yerləşən bu məbəd arasında oxşarlıq var. Ən əsas oxşarlıq ondan ibarətdir ki, buradakı işarələr də eynilə oradakı kimidir. Ən vacibi isə odur ki, burada sonradan yerləşdirilən sütunlar da oradakı sütunlarla eynilik təşkil edir”.

Bəxtiyar Məhərrəmov- tarixçi: “Abidənin üst hissəsi ovaldır. Çalışıblar ki, meşədə o qədər də bilinməsin. Bu, birinci. O birindən ikinci fərq odur ki, burada daşların qoyuluşu, o birindən tam fərqlidir. Bu onu göstərir ki, bu, bir az daha qədimdir. Hardasa 60-70 il fərqi var. Amma abidənin quruluşunda bəzi məsələr var ki, bu onu göstərir ki, bura təmir olunub. Məsələn, bura qırmızı tufdur. Bu isə baxın, bura sonradan qoyulan daşdır”.

Hər iki abidənin üzərində erməni saxtakarlığı olsa da, bura gələn qonaqlarda yanlış təsəvvür yaranmasın deyə, kənd sakinləri də onları məbəd haqda düzgün məlumatlandırırlar.

Azaddin Ələsgərov- kənd sakini: “Ermənilər alban məbədlərini özününküləşdirmək məqsədilə tikilidə bir sıra tərtibat işləri aparıblar. Erməni dilində divarlara müəyyən tarixlər, yazılar vurulub. Bu da buraya gələn insanlarda elə təsəvvür yaradır ki, bu, erməni kilsəsidir. Amma gələn qonaqlara, turistlərə başa salırıq ki, bu erməni məbədi deyil, bu, qədim alban kilsəsidir”.

Qərb bölgəsində alban abidələri Göygöllə yanaşı ətraf rayonlar - Daşkəsən və Gədəbəydə də mövcuddur. Dövlət tərəfindən qorunan bu qədim tikililər turizm baxımından böyük önəm daşıyır. Eləcə də tarixin bir parçasının dəqiq sahiblərinin kimlər olmasını aşılamaq da önəmli məqamdır. 

Orxan Cəfərzadə