• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 10.11.2023 18:13

Ermənistanın kapitulyasiya aktına imza atmasından üç il ötür

KepezTV Player

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır”.

Azərbaycan üçün bu tarixi hadisə Ermənistan üçün öz məğlubiyyətini qəbul etmə mərhələsi idi. Haqlı davamızda əlimizdə silah, torpağımız üçün döyüşə bildiyimizi də göstərdik, masa arxasında siyasi manevrlər edə biləcəyimizi də. Artıq Ermənistanın tarix boyu dediyi yalanlar, Azərbaycanın doğruları ilə susdurulmuşdu. Və bütün dünya ölkələri buna şahid idi.

3 tərəfli bəyanatın imzalanmasının ən vacib əhəmiyyəti isə bir silah belə atılmadan noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsinin, noyabrın 25-də Kəlbəcər rayonunun, dekabrın 1-də isə Laçın rayonunun işğaldan azad edilməsi idi.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “4 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi”.

Hələ 44 günlük müharibə zamanı döyüşləri davam etdirmək gücünə qadir ordusu olan Azərbaycanın bütün qərarları və bütün addımları doğru idi. 

Bundan sonrakı mərhələdə də Azərbaycan uğurlu siyasətini davam etdirdi. Bu il Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradıldı. Sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa etdi. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisindəki separatçılar təslim oldular. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb. Hazırda azad edilmiş bütün torpaqlarda şanlı bayrağımız dalğalanır.

Vüsalə Cənnətova