Gəncədə Zəfər Gününə həsr olunan Zəfər yürüşü Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub. Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş, şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prospektləri ilə davam edib. Hərbi qulluqçuların iştirakı ilə reallaşan yürüşdə orkestrin müşayiətində marşlar, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib. Zəfər yürüşü keçdiyi ərazilərdə hər kəs tərəfindən böyük coşqu və hərarətlə qarşılanıb. Yürüş iştirakçılarını salamlayanlar sırasında şəhər rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin nümayəndələri və müharibə iştirakçıları da olub.
Şəhər sakini: “Çox şükür, Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin! Millətimiz, həmişə belə zəfər çalsın. Həmişə belə qalib gəlsinlər”.
Şəhər sakini: “Çox sevindirici hissdir. Bütün Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm. Neçə-neçə belə gözəl tədbiri təmtəraqlı qeyd edək”.
Şəhər sakini: “Bizim üçün çox sevindirici bir gündür, fəxr etdiyimiz bir gündür ki, bizim gözəl qələbəmiz var. Hamımız buna çox sevinirik və gələcəkdə də bizim uşaqlarımız bununla fəxr edəcək bir gündür”.
Şəhər sakini: “Böyük bir qürur hissi ilə qeyd etmək istəyirəm ki, biz, bunu bacardıq. Biz düşmənə diz çökdürdük, bayrağımızı dalğalandırdıq”.
Hərbi qulluqçu: “Hamının bayramını təbrik edirəm, bütün Azərbaycan vətəndaşlarının bayramını təbrik edirəm. Bu Zəfər bayramı hamımızın bayramımızdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Hamımız sevinirik ki, biz, bu qələbəni qazandıq”.
Bayram münasibətilə “Tariximizin zəfər səlnaməsi” adlı dəyirmi masa təşkil edilib. İştirakçılar Vətən müharibəsini şərtləndirən səbəblərdən, hərbi əməliyyatların gedişatından, Şuşanın azadlığa qovuşmasının səbəb olduğu Zəfərdən söz açıblar. Düşmənin məğlubiyyətinin güclü ordu və ölkə rəhbərinin düşünülmüş siyasətinin nəticəsində mümkünlüyündən danışıblar.
Qələbənin şərəfinə Gəncədə yaşıllaşdırma aksiyası da baş tutub. Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisinə ağaclar əkilib. Park qələbəni simvolizə edən 44 ağacla yaşıllaşdırılıb. Zəfər günündə qələbənin səbəbkarları olan şəhidlərin də xatirəsi yad edilib. Şəhərin Şəhidlər Xiyabanına gələnlər ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin təmin edilməsi uğrunda canlarından keçənlərin məzarlarını ziyarət ediblər. Qəbirlər üzərinə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
Aişə Rzayeva
- Baxış: 173