
Bir neçə kliklə köhnə videoların və GIF fayllarının keyfiyyətini yaxşılaşdıran texnologiya yaradılıb. Texnologiya obyektlərə detallar da əlavə edə bilir. Fotoşop tərtibatçısı olan “Adobe” şirkətinin yaratdığı bu texnologiya “Project Res-Up” adlanır. Bu, videoların və GIF-lərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan süni intellektlə işləyən bir vasitədir. “Project Res-Up” təsviri təhlil və ona emal tətbiq etmək üçün süni intellektdən istifadə edir, mənbə fayllarının ayırdetmə qabiliyyətini, aydınlığını və detallarını artırır. Nümunə olaraq, “Adobe” 1947-ci ildə çəkilmiş "Qırmızı Ev" filmindən bir səhnəni bərpa edərək, təsvir ölçüsünü 675 faiz (480x360-dan 1280x960 pikselə) artırıb. Nəticədə şəklin bulanıqlığı azalıb. Videolardan əlavə “Res-Up” GIF-lərlə də işləyə bilər. Bildirilir ki, bu texnologiya sayəsində köhnə karikaturlara yeni nəfəs vermək mümkün olacaq.
- Baxış: 325