Şəmkirdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan Zəfər Marafonu keçirilib. Yürüşdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak etdilər. Marafonun keçirilməsində məqsəd, qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir. Marafonda 300 nəfərdən çox şəxs iştirak etdi. Yarış iştirakçıları Şəmkir şəhərində yerləşən Bayraq Meydanından Şəhidlər Xiyabanınadək olan məsafəni qət ediblər. Yarışda final xəttini ilk keçən 3 nəfər Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev iştirakçıları təbrik edərək, Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən bəhs edib. Azərbaycanın, Ordusunun gücünü, xalqının qüdrətini bəşəriyyətə sübut etdiyini dilə gətirib. Şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazanılan zəfərin yaşatdığı sevinc və qürururun əvəzolunmazlığı vurğulanıb.
Fərid Mehdiyev
- Baxış: 226