• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 04.11.2023 19:44

Etibarnamə ilə avtomobil alanlara xəbərdarlıq

KepezTV Player

Etibarnamə mülkiyyətə səlahiyyət hüququ vermir. Yalnız istifadə üçün əsas yaradır. 

Nail Qarayev- hüquqşünas: “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində adı qeyd olunan şəxsin bank öhdəlikləri olsun, istər hüquqi şəxslər qarşısında öhdəlikləri olsun və müqavilə ilə müəyyən edilmiş vaxtda ödənilmədiyi halda həmin əmlak tutquya yönəlir. Tutmada onun həm daşınan, həm də daşınmaz əmlakına şamil olunduğu üçün etibarnamə ilə idarə olunan avtomobilinə də almış şəxs problem yaşayır. Dövlət Yol Polisi digər icra hakimiyyəti orqanları tərəfindən həmin əmlak tutula bilər və yaxud da saxalana bilər”.

Etibarnamə əsasən avtomobilin yeni sahibinə istifadə etməklə yanaşı, satmaq, hədiyyə etmək, girov qoymaq üçün imkan yaradır. 

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin Əməkdaşı: “Lakin avtomobilin əvvəlki sürücüsü də mülkiyyət hüququnu qoruyur və bəzən də əvvəlki sahibinin mülki öhdəliyi olduğuna görə avtomobil aidiyyatı qurumlar tərəfindən müsadirə oluna bilər və həbs qoyula bilər. Buna görə də sürücülər tövsiyəmiz odur ki, yeni avtomobil alarkən avtomobili əvvəlki sahibinin üzərindən qeydiyyatdan çıxararaq, öz mülkü kimi qeydiyyata salmaları xahiş olunur”.

Nəqliyyyat eksperti Ərşad Hüseynov hər iki tərəfə məsləhət görür ki, alqı-satqı zamanı mülkiyyət hüququnun əldə edilməsinə nail olunsun. 

Ərşad Hüseynov- nəqliyyat eksperti: “Etibarnamə verənin problemi o vaxt yaranır ki, avtomobilə verdiyi etibarnamənin müddəti bitir. Avtomobili verdiyi şəxs adına keçirmir. Həmçinin istifadə etməkdə davam edir. Müəyyən qayda pozulanda  bu da elektron qaydada görünür ki, avtomobilin sahibi odur. Cərimə qərarları da onun adına rəsmiləşdirilir. Bununla da cərimələr maşını satana gəlir”.

Sürücülər arasında isə hər iki formada sükan arxasında əyləşənlər var. 

Vüqar Bayramov- sürücü: “Avtomobili etibarnamə ilə idarə edirəm. Eşitmişəm ki, avtomobili əlimdən alıblar. Tanıdığım adamdan almışam”.

Etibar Məmmədov- sürücü: “Öz adımadır, etibarnamə ilə idarə etmirəm. Etibarnamə ilə idarə eləməmişəm. Maşının yiyəsinin problemi olar, ona görə də maşın öz adına olsa yaxşıdır. Eşitmişəm banka borcu olub, həbs qoyublar. Belə şeylər eşitmişəm, ona görə də öz adına olsa, daha yaxşı olar”.

İlqar İbrahimov- sürücü: “Mən maşını öz adıma almışam. Etibarnamə odur ki, o, sənə etibar edir, alqı-satqı edə bilməzsən. Səhəri gün, o, mülküdür, qaytara da bilər. Sürücülərə arzu edərdim ki, aldıqları maşını, mülkü öz adlarına alsalar daha yaxşı olar”.

Göründüyü kimi, etibarnamə rəsmi sənəd olsa da, mülkiyyətçi qədər əhəmiyyəti yoxdur. Bu isə gələcəkdə yarana biləcək problemlərdən sığortalamır. Odur ki, alqı-satqı zamanı istifadəyə yox, mülkiyyətə sahib olun.

Elnur Vahidoğlu