Gəncədə “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir yeni kreativ ideyaların uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyəti nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib. Müsabiqədə 100-ə yaxın uşaq, həmçinin, Uşaq Səfirlər Məclisinin üzvləri iştirak edib. Məqsəd uşaqların şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaqların intellektual inkişafının stimullaşdırılması, onlarda sərbəst düşünmə və problem həlletmə qabliyyətinin inkişaf etdirilməsi, istedadlı uşaqların cəmiyyətə təqdim olunmasıdır. Eyni zamanda, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, yeniyetmələrin diqqətinə çatdırmaqdır. Tədbirdən sonra uşaqlarla bərabər Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirilib.
Günel Nağdəliyeva- Dövlət Komitəsinin şöbə müdirinin müavini: “Zəfərə Aparan İdeya Ulu Öndər Heydər Əliyevin ildönümünə həsr olunmaqla keçirilir. Uşaqlar burda layihə müsabiqələri irəli sürürlər və bu gün 10 təqdimat mərasimi oldu. 10 nəfər uşağın layihələri nümayiş etdirildi və 3 qalib müəyyənləşdirildi”.
Leyla Quliyeva- müsabiqə iştirakçısı: “Mənim mövzum uşaqların zərərli informasiyadan mühafizəsi idi. İdeyam isə bu idi ki, uşaqlar üçün xüsusi bir telefon yaradılsın. Bu telefon valideynlərin elektron ünvanı ilə qeydiyyatdan keçirilsin və övladlarının yaş kateqoriyasını bildirsinlər. Yaş kateqoriyalarını bildirdikləri halda sosial şəbəkələr və s. saytlara daxil olaraq özlərini böyük kimi təqdim edə bilməzlər və zərərli informasiya toplamış olmazlar. Bir də ki internetdə bəzi açar sözlərin axtarışına qadağa qoyulsun. Onları daxil etdikdə uşaqlar o haqda məlumat ala bilməzlər və beləliklə qorumuş olarıq”.
- Baxış: 188