• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 02.11.2023 19:29

İstirahət zonasına səfər edənlər çoxalıb

KepezTV Player

Ötən il Göygölə təşrif buyuran qonaqların sayı qismən çoxalsa da, 2023-cü ildə həm yerli, həm də əcnəbi turistlərin rayona səfərləri daha da intensiv hal alıb. 2022-ci ilin ilk yarısında bu rəqəm 38 minə yaxın idisə, Göygölün ayrı-ayrı ərazilərinə istirahət üçün üz tutanların sayı bu ilin analoji dövründə 48 mini keçib. Müşahidələr yay dövründə Göygölə gələnlərin sayının daha çox olduğunu göstərir.

Zaur Bayramov- Gəncə Regional Turizm İdarəsinin rəisi: “Postpandemiya dövründən sonra ölkə üzrə daxili turizm istiqamətində turistlər daha çox yeni istiqamətlərin axtarışında oldular. Pandemiya öz ölkəmizi tanımağa daha çox imkan və fürsət verdi. Göygöl istiqamətində gedən həm yerli icra qurumlarının, o cümlədən Gəncə Regional Turizm İdarəsinin təbliğat-təşviqat istiqamətində müəyyən fəaliyyətlərini, layihələrini göstərmək olar”.

Təbii ki, dağlıq relyefə, gözəl mərzələrə malik rayona gələnlərin demək olar ki, əksəriyyəti Göygöl Milli Parkını ziyarət etmədən geri qayıtmır. Elə payız dövründə də təbiət incisini görmək istəyən kifayət qədər turist bura üz tutur. Həm yerli, həm də xarici qonaqlar gölü ziyarət edərək şəkil çəkdirir, xoş vaxt keçirirlər.

Mira Kurmaşova- turist: “Mən, Qazaxıstandan gəlmişəm. Bura çox gözəl, valehedici yerdir. Əgər daxilən narahat və gərginsinizsə, sadəcə buraya gəlib, buradakı sakitlikdən zövq almaq kifayətdir. Payızı yaşamağımıza baxmarayaq, hava əladır. Təbiət və göl çox gözəldir”.

Nahit Hacıisgəndərov- turist: “Polşada təhsil alıram, Qazax rayonundanam. Göygölə yay dövründə, isti vaxtı gəlmişdim. İndi daha çox xoşuma gəldi, sakit idi, yol boyu payız fəslini hiss etdik. Ağaclar, yarpaqların rəngi. Düşünürəm ki, hər fəsildə Göygölə gəlmək olar”.

Ruslan Ələkbərov- turist: “Rusiyadan, Rostov vilayətindən gəlmişəm. Şad oldum ki, xalamoğlu məni gözəl mənzərələri, Göygölü görmək üçün bura gətirdi gəzdik. Bura çox gözəldi, havası da çox təmizdir. Yay vaxtı buranı görmək üçün yenidən gələcəm”.

İlahi Həsənov- turist: “Göygöl Azərbaycanın ən gözəl güşələrindən biridir. Arada vaxtımız olduqca ailəvi şəkildə gəlirik, gəzirik. Payız dövrünün, hər dövrün özünün gözəlliyi var. Gölün kənarında gəzərkən xoş gəlir, Gəncənin havası ilə burada fərq çoxdur”.

Payız dövrü olmasına baxmayaraq Milli Parka səfər edənlərə yalnız gölətrafı ərazi deyil, eyni zamanda arzuladıqları təqdirdə digər marşrutlar üzrə də təbii gözəllikləri görməyə şərait yaradılır.

Fuad Quliyev- Göygöl Milli Parkının direktoru: “Göygöl Milli Parıkının ərazilərində ekoturizm marşrutları da təyin edilib. Bu marşrutlar çərçivəsində ərazidəki digər gölləri də görmək olar. Hazırda həmin marşrutlar üzrə heç bir problem yoxdur. Gələn turistlər girişdə müraciət edərək bələdçilərin onları müşayiət etməsini istəyirlər və biz həmin dağlara gəzmək istəyən qonaqları ərazilərə göndəririk”.

Cari il təkcə Göygöl yox, eləcə Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə turistlərin səfəri çoxalıb. Ötən illə müqayisədə 2023-cü ildə 120 min nəfərdən çox qonaq sözügedən bölgəyə təşrif buyurub.

Orxan Cəfərzadə