• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2120
— 01.11.2023 20:09

Tarixi yurd yerlərində yaşamağa hazırlaşan Kərkicahan sakinləri

KepezTV Player

Tezliklə Xankəndidən məcburi köçkün düşən soydaşlarımızın da doğma yurda qayıdışına başlanılacaq. Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlər onları da əhatə edəcək. 

Aslan Nəcəfov- Kərkicahan qəsəbəsinin sakini: “Qaçqın və Məcburi Köçkünlərin Dövlət Komitəsinin üzvləri burda iştirak etdilər. Bizlə görüş keçirildi. Çox sağ olsunlar ki, bizi dədə-baba yurdlarımıza qaytaracaqlar. Ruh yüksəkliyi ilə təmir-bərpa işlərindən sonra biz hamımız Allahın köməkliyi ilə qayıdacağıq öz torpaqlarımıza, dədə-baba yurdlarımıza”.

Arzu Hacıyeva- Xankəndi sakini: “İclasda bizim Kərkicahana qayıtmağımız, öz torpaqlarımıza qayıtmağımız haqqında ətraflı söhbətlər apardıq. Biz hamımız ora qayıtmağa əminliklə deyə bilərəm ki, razıyıq. Necə ola bilər ki, biz ona razı ola bilməyək?! Ümumiyyətlə bütün qaçqınlar öz dədə-baba torpaqlarına getməyə hamımız hazırıq”.

Qiyas Qiyasov- Kərkicahan qəsəbəsinin sakini: “Bu tədbirdə qaçqınkomun sədri bizə yaxşı müjdə verdi ki, gözünüz aydın və hamınızın gözü aydın ki, torpağımız alındı. Bu pis damğa, bu pis möhür bizim alnımızdan götürüldü - qaçqınlıq adı. Mən bir qoca kişi kimi bu işə çox şadam”.

İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıdışının təmin edilməsi üçün zəruri tədbirlər icra edilir. Bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb, tezliklə qayıdışın Xankəndi sakinlərini əhatə edəcəyi deyilib.

Hacı Rəsulov- Xankəndi sakini: “Kənddə 91 dağıdılmamış ev var. Əksəriyyəti 80-90% darmadağın olub. Salamat ev yoxdur. Amma Xankəndindəki evlər hamısı yaxşı vəziyyətdədir. 91 evin də bərpası olduqdan sonra köçürüləcək. Biz Kərkicahan camaatının hamısı 100% köçməyə bu gün hazırdır. Heç bir problemimiz yoxdur. Vətən hamı üçün şirin olduğundan, bizim üçün də şirindir”.

Arzu Hacıyeva- Xankəndi sakini: “Deməli belə deyildi ki, əgər orda dağılmamış evlər varsa, o evlərə dövlət tərəfindən baxılacaq, təmir olunacaq. Hal-hazırda qalan evlərə köçürüləcək. Sonra da dövlətin sayəsində məhv olan evlər bərpa olunacaq və hamı öz yurduna qayıdacaq”.

Yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsinə görə dövlət başçısına və rəşadətli silahlı qüvvələrimizə minnətdarlıq bildiriblər. Xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyiblər.

Pərvin Abbaszadə