Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib. Keçirilmiş tədbirlərlə cinayətin törədilməsində istifadə edilən “İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar saxlandıqları yerlərdən aşkar edilərək götürülüb. Müşfiq Tağıyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq davam edir.
TƏBİB-dən verilən məlumata görə, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında olan 1958-ci il təvəllüdlü Mehman Sarıyevin, 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın və 1990-cı il təvəllüdlü Etibar Sarıyevinvəziyyətləri stabil qiymətləndirilir.
- Baxış: 269