• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2038
— 21.10.2023 19:10

Sürücülər ən çox hansı qayda pozuntusuna yol verirlər?

KepezTV Player

Ölkə ərazisində təxminən 1 350 000-dən çox minik avtomobili var. Bu öz növbəsində yollarda pozulan qaydaların miqyasını təsvir etmək üçün bir göstəricidir. Hansı ki, Gəncənin də yollarında gün ərzində sürücülər tərəfindən avtomobilləri ilə qaydalar pozulur. Bunu sürücülərin özləri də təsdiqləyir.

Turxan Quliyev- sürücü: “Hansısa bir sürücünün ucbatından sənə cərimə gələ bilər. Qabağınamı çıxır, ortada qalırsan məcburiyyət qarşısında və ya yanından keçir, səni çaşdırır, qırmızıda keçirsən, belə halarda cərimə gələ bilir”.

Elvin Quliyev- sürücü: “Cərimə gəlib öz səhvimə görə, çünki yol hərəkəti qaydasını pozmuşam. Düzdür bir az bəlkə də insanların problemi olmağı belə səhv hərəkətlər etdirir. Amma şükür ki, hamı çalışdıqları qədər yol-hərəkəti qaydalarına fikir verməyə çalışır”.

Oruc Məmmədov- sürücü: “Müştəri düşürürdüm, düz postun yanında. Düşürəndə yadımdan çıxıb, kəmər taxmamışam”.

Zəka Məmmədov- sürücü: “Bilməyərəkdən “Gəncə mall”-un qabağında saxlamışam, hansı ki, orada dayanma-durma qadağandır. Saxlamışam, orda telefonuma cərimə gəlib ki, sən dayanma-durmanı pozmusan”.

Raul Həmzəyev- sürücü: “Şəmkirdən gələndə gəlibdir, sürət həddi üçün. Düz xətti ayaqlayıb, sürət həddini aşmışdım, o da haqlı yerədir. Uşaqlar, ailələr piyada keçidindən istifadə etsələr daha yaxşı olar. Çünki bizim bugünkü gündə sürücülərdə piyada keçidinə çox önəm verilir. Amma ki, insanlar yoldan keçir, sürücü bilir ki, yol bunundur gedir. Amma piyada keçidi olduqda ayağını əyləcə atır ki, artıq burada piyada keçidi var”.

Hümbət Əliyev- sürücü: “Bir də görürsən ki, işıqforda durursan dönmə əsnasında maşınlar imkan vermir dönməyə, qalırsan çıxılmaz vəziyyətdə ortada. O da sürürsən qırmızıya düşürsən. Qırmızıya düşəndə də cərimə gəlir”.

Göründüyü kimi əsasən dayanma-durma, ötmə, manevr etmə, qarşı nəqliyyatın zolağına çıxma, işıqforun qırmızı işığında hərəkətə davam etmə kimi yol hərəkəti qaydalarının tələbləri pozulur. Bu səbəbdən də sürücülər cərimələnirlər. Gəncədə yol-hərəkəti qaydalarının kobud şəkildə pozulma hallarına kifayət qədər rast gəlindiyindən Dövlət Yol Polisi əməkdaşları tərəfindən sürücülərin və piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Cari ilin müvafiq dövründə yol hərəkəti haqqında qanun pozulmasına görə ümumilikdə 52000-yaxın inzibati xəta haqqında protokol tərtib olunub. Bu inzibati xəta protokollarını təhlil etdikdə bir çox yol hərəkəti haqqında qanunun tələblərinin kobud sürətdə pozulmasını müəyyən edə bilirik. Bundan başqa müvafiq dövr ərzində 30-a yaxın kobud qayda pozuntusu edərək, özləri və digər hərəkət iştrakçıları üçün xüsusi təhlükə yaradan şəxs barəsində avtoxuliqanlıq etdiklərinə görə protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəməyə göndərilib və həmin göndərilən şəxslərin öyük bir qismi inzibati qaydada həbs edilib”.

Məlum olur ki, sürücülərin əksəriyyəti yol hərəkəti qaydalarını bilərəkdən pozurlar və ya buna məcbur olurlar. Şəhərdə parklama və taksi dayanacaqları üçün yerlərin kifayət qədər olmaması da buna təsir edən amillərdəndir. Digər tərəfdən sürücülərlə yanaşı piyadaların da məsuliyyətli davranışı yol hərəkəti qaydalarının pozulmamasına xidmət edər. Əks halda isə ağır qəzalar, elə ağır nəticələrə gətirib çıxarar.

Pərvin Abbaszadə