Dünyadakı bütün peşələri sadalamaq, yəqin ki, mümkün olmaz. Onların bəziləri ilə tez-tez rastlaşırıq, bəzilərini isə heç vaxt görməmişik. Ancaq yer üzündə bircə peşə var ki, o peşə bizə hər şeyi öyrədir, onsuz heç bir inkişafdan söhbət gedə bilməz. Bu, müəllimlikdir!.. Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Elə bu gün də biz bu sahədə təcrübəsi olan gənc müəllim Çiydəm xanımla həmsöhbət olacağıq. Necə oldu ki, müəlimliyi seçdi, bu peşəyə sevgini onda nə, yaxud da kim yaratdı?
Çiydəm Yusifova – İngilis dili müəllimi: “Müəllim peşəsinə sevgim uşaq vaxtımdan yaranıb, hətta bağçaya gedirdim. Sonra böyüyəndə ibtidai sinif müəllimimin və yuxarı siniflərdə riyaziyyat fənini tədris edən müəllimimin uşaqlarla davranışı, dərs keçmək metodu mənim çox xoşuma gəlirdi və mən də qərar verdim ki, müəllim olacam.”
İlk dəfə bir sinfə girib dərs keçmək sizdə hansı hissləri oyatdı? Çox maraqlıdır, ilk dərs gününüz necə keçmişdi?
Çiydəm Yusifova – İngilis dili müəllimi: “İlk dəfə olduğuna görə çox həyacanlandım. Bu qədər uşaqların qarşısına çıxmaq həyəcanverici bir vəziyyət idi. Digər bir tərəfdən çox sevinirdim, özümlə qürur duydum. Çünki bu peşəyə sahib olmaq çətindir, bildiyiniz kimi. Sevinc hissi, qürur hissi, xoşbəxlik – bu cür hisslər keçirdim.”
Bilirik ki, bir sinfi idarə etmək, hər bir şagirdlə xüsusi məşğul olmaq olduqca çətindir. Bunun üçün hansı üsullardan istifadə edirsiniz ki, dərs daha keyfiyyətli olsun?
Çiydəm Yusifova– İngilis dili müəllimi: “Birinci növbədə interaktiv təlim metodundan istifadə edirəm. Çünki bizim kurikulum sistemi tələb edir ki, hər bir şagird dərsdə aktiv olmalıdır. Amma dərsimizi daha maraqlı keçirmək üçün müxtəlif üsullarımız var. Ən çox istifadə etdiyim BİBÖ üsuludur. Klaster, ziq-zaq və rollu oyunlar bunların hamısı təlim rolunda çox vacibdir, ən əsası da rollu oyunlar.”
Düzdür, hər bir peşənin çətinliyi olur. Lakin sevdiyin işlə məşğulsansa, heç vaxt yorulmursan deməkdir. Görək müsahibimiz öz peşəsiylə bağlı hansı çətinliklərlə üzləşib?
Çiydəm Yusifova– İngilis dili müəllimi: “Uşaqların hər birinin psixoloji baxımdan yanaşmasını bir müəllim olaraq tapmalıydıq, diferensial təlim metodu necə tələb edirsə, onların hər birini həm mənəvi, həm də dərslə bağlı həvəs yaratmalıyıq ki, onalarla gələcəkdə işləyə bilək. Başda təbii ki, çətinliklər oldu, ancaq uşaqlara öyrəşəndən sonra hər şey asan olur.”
Məşğul olduğumuz hər bir peşə bizə nələrisə qazandırır. Müəllimlik peşəsi sizə nə qazandırdı?
Çiydəm Yusifova– İngilis dili müəllimi: “Müəllimlik peşəsi mənə öz şagirdlərimin sevgisini qazandırdı. Mənim fənnimə olan maraqlarını qazandırdı və bir çoxunda da mənim kimi müəllim olmaq hissini yarada bilmişəm deyə onu da qazandırıb. Bu da məni çox sevindirir.”
Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Biz müəllimlərimizin xatirəsini ömür boyu hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşatmalıyıq. Yaşadırıq”.
Lalə Bağırova
- Baxış: 358