"Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının söndürülməsi və aparılan axtarış işləri zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri əsl peşəkarlıq göstərib". Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib. Nazirin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən nazirliyin qurumlarının, həmçinin "N" saylı hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır. İşğaldan azad olunmuş ərazilərdə mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının fəaliyyəti təşkil edilib. 2021-ci ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsi yaradılıb.
- Baxış: 183