Azərbaycanın suverenliyinin tam bərpa olunması regionumuzda təhlükəsizliyin möhkəmlənməsi üçün imkanlar yaradır. Azərbaycan sülh sazişi üzrə işi davam etdirməyə hazırdır. Bu açıqlamanı Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib. Vurğulayıb ki, Ermənistan tərəfi Rusiya vasitəçiliyindən imtina edəcəyi təqdirdə, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Dövlət başçısı Ermənistanın baş nazirinin Bişkek Sammitinə qatılmamasını rəsmi İrəvanın sülhdən növbəti dəfə yayınma cəhdi adlandırıb.
Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən oktyabrın 12-də Rusiyanın təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşünün planlaşdırıldığı, lakin Ermənistanın bu görüşdən imtina etdiyini qeyd edib.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır”.
Ermənistanın Qərbdəki havadarlarından danışan Prezident onların Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə ölkəmizi ittiham etdiklərini qeyd edib. Burada əsas fiqur Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq lazım deyil”.
Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Dövlət başçısı qeyd edib ki, bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildilib. 10-15 min nəfərlik kontingent silahsızlaşdırılıb və ərazi üzərində nəzarət tam bərpa olunub. Prezident iki il ərzində Azərbaycanın Laçında sərhədə nəzarət etmədiyi bir vaxtda, ordan separatçıların mövqelərinə sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşındığını bildirib.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq”.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, dövlət başçısı rəsmi Bakının sülh sazişi üzərində işi davam etdirməyə hazır olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistan tərəfi Rusiya vasitəçiliyindən imtina edəcəyi təqdirdə, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər.
Vüsalə Cənnətova
- Baxış: 280