Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama Hərəkatının sədri kimi sülh, təhlükəsizlik və Qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ də mövcud olan irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyalar narahatlıq doğurur. Bu fikirlər Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin təşkilatın İcra Şurasının 217-ci sessiyasında təqdim etdiyi ölkəmizin milli bəyanatında yer alıb. Bildirilib ki, Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərin və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını ifadə edən və bu ölkədə mövcud vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun Baş direktoruna faktaraşdırıcı missiya göndərməklə bağlı müraciəti Azərbaycan xalqının haqlı tələbidir. Qeyd olunub ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkan var.
- Baxış: 199