Azərbaycanın 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib. 29 ölkədən 156 idmançının qatıldığı yarışın ikinci günündə Tayfur Əliyev, Sərxan Əliyev və Malik Həsənov 1/8 final səddini uğurla keçiblər. Tayfur Əliyev 60 kq çəkidə ilk döyüşündə italiyalı Cüzeppe Kanonikoya heç bir şans verməyib - 5:0 Avropa Oyunlarının mükafatçısı növbəti döyüşünü oktyabrın 12-də Rusiyanı təmsil edən Arşak Tovmasyana qarşı keçirəcək. Tayfur Əliyevin qardaşı Sərxan Əliyev 71 kq çəkidə rinqə çıxıb. O isə Toni Cası 5:0 hesabı ilə məğlub edib. Sərxan iki gün sonra 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək. 63,5 kq-da qüvvəsini sınayan Malik Həsənov isə polşalı Bartumey Roskoviçi mübarizədən kənarlaşdırıb. 5:0 hesabı ilə qələbə qazanan boksçu oktyabrın 11-də fransalı Lunes Hamrauini sınağa çəkəcək.
Qeyd edək ki, Avropa Kubokunun 3-cü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. 54 kq çəki dərəcəsində Nicat Hüseynov belaruslu Cianis Salotski ilə, 67 kq isə gəncəli Nəbi İsgəndərov ispaniyalı Adrian Krusla görüşəcək.
- Baxış: 242