Gəncənin ölkə idmanına bəxş etdiyi bir neçə paralimpiyaçısı var ki, uğurlu nəticələrlə idmasevərləri sevindiriblər. Onlara daha biri əlavə olunub. Nizami yurdunun yetirməsi olan İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionu olaraq ilkə imza atıb.
Gənc idmançı Meksikanın Verakrus şəhərində təşkil edilən mundialda bu uğura nail olub. 70 kq çəkidə döyüşən İmaməddin Xəlilov həmin yarışda milli komandanın 1 nömrəsi olaraq çıxış edib və keçirdiyi 4 görüşün hamısında bütün rəqiblərini üstələyərək okeanın o tayında qızıl medala yiyələnib.
İmaməddin Xəlilov- dünya çempionu: “Mən bir nömrə kimi başladığıma görə bir döyüşü boş keçirdim. 1/8 finaldan döyüş başladım. İspaniyalı, gürcü və yarımfinalda güclü kubalı rəqiblə döyüşdüm. Finalda Asiya çempionu özbəkistanlı idmançını məğlub etdim. Onu da xatırladım ki, ispan rəqibim Avropa və dünya çempionu idi. Ən çətin görüşün yarımfinaldakı kubalı idmançı idi. Geridönüş etmək istəyirdi, son anda onu məğlub edə bildim”.
Bu nailiyyət İmaməddin Xəlilovun cari il ərzində 6-cı uğurudur. Daha öncə Niderlandda Avropa Paralimpiya Oyunlarının, Cənubi Koreyada açıq Dünya Çağırış Yarışının, Meksikada Qran-prinin qalibi olan parataekvondoçu Fransada açıq Avropa çempionatında gümüş, Paris Qran-prisində isə bürünc mükafata yiyələnib. İndi parataekvondoçu Paris paralimpiya oyunlarının qalibi olmağı qarşısına hədəf qoyub və buna onun şəxsi məşqçisi Arif Xəlilovun da inamı böyükdür.
Arif Xəlilov- İmaməddin Xəlilovun şəxsi məşqçisi: “Bir çox turnirlərdə iştirak etdi. Avropa və dünya çempionatlarında nəticə verdi. Bizdə çox inam var ki, qarşıdakı paralimpiya oyunlarının qalibi olacaq, gəncəliləri qızıl medalla sevindirəcək, nəticə verəcək”.
İmaməddin Xəlilov dünya çempionu olduqdan sonra öz çəkisində reytinq sıralamasında da birinci sıradadır. 11 ildir parateakvondo ilə məşğul olan 25 yaşlı idmançı həm də 2017-ci ildə bu idman növü paralimpiya oyunlarına daxil edildikdən sonra Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb.
Orxan Cəfərzadə
- Baxış: 289