• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 07.10.2023 18:57

Payızlıq əkin üçün 100 tona yaxın gübrə tədarük edilib

KepezTV Player

Samuxda fermerlər payızlıq əkin işlərini aparır. Məhsuldarlığın yüksək olması isə tətbiq olunan gübrələrdən böyük dərəcədə asılıdır. Bu məqsədlə rayonda 100 tona yaxın mineral gübrələr tədarük olunub. 

Ötən il Samuxdan olan torpaq mülkiyyətçilərinin əkdikləri kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksək olub. Rayonda 13 min 447 hektar taxıl sahəsindən 44 min 989 ton məhsul yığılıb. Orta hesabla məhsuldarlıq analoji dövrlərlə müqayisədə təxminən 10 faiz çox olub. Məshuldarlığa təsir edən amillər sırasında fermerlər gübrələrdən istifadə edilməsinin vacibliyinə toxunurlar. 

Rahim Abbasov- torpaq mülkiyyətçisi: “Gübrədən təsərrüfatda çox istifadə edirik. Təsərrüfatda istifadə etməyəndə, məhsuldarlıq çox aşağı olur. O cümlədən başqa dərmanlardan da istifadə edirik. Çünki həşəratlar, qurdlar ziyan vurur. Gübrədə isə ən çox nitroamofos və azotdan istifadə edirik. Təsərrüfata çox böyük əhəmiyyəti var. Toxumla birlikdə nitroamofos və yaxud amofosla əkəndə məhsuldarlığa çox böyük fərq edir”.

Xəqani Xəlilov- torpaq mülkiyyətçisi: “Bugünkü gün gübrəsiz torpaq becərmək çox çətin bir məsələdir. Gübrə verməsən məhsul götürə bilməzsən. Torpaqlarımız o standartlara uyğun gəlmir. Ona görə də verməliyik. Məhsuldarlığı artırıb torpağa güc verirsən, təkan verirsən. Məhsuldarlıq yaxşı oldu”. 

Bu il Samuxda payızlıq əkin işlərinin 13 min ha-a yaxın sahədə aparılması planlaşdırılır. Bu məqsədlə torpaqların şumlanması, ardından isə gübrələnməsi nəzərdə tutulub. Artıq 376 ha şumlanıb, torpağa 90 ton gübrə verilib. “Aqroservis ASC” tərəfindən fermerlərin amonium amafos, nitro amafos və digər gübrələri əldə etməsi üçün Samuxda satış məntəqələri fəaliyyət göstərir.

Samux rayonunda ərazi üzrə 3 satış gübrə məntəqəsi fəaliyyət göstərir. Fermer bu məntəqələrə müraciət edərək payızlıq əkdiyi bitkiyə uyğun olaraq istədiyi gübrəni əldə edə bilir.

Abbas Əsgərov- torpaq mülkiyyətçisi: “Çox gözəl təşəbbüs yaradıblar ki, Samux rayonunda gübrələri asan yolla alsın, asan yolla sahəsini gübrələsin. Gübrə torpaqda yaxşı inkişaf gətirir, yaxşı məhsuldarlıq olur. İndi də gəlmişəm gübrəmi götürüb, torpağıma verəcəm”.

Mülkiyyətçi fermer kartında əkdiyi sahəyə uyğun olaraq  gübrə ala bilər. Vəsaitin 30 faizi nəğd və 70 faizi isə kartla ödənilir. 

Məhəmməd Cəfərov- satış nəzarətçisi: “Hər növ dərman gübrələri var. Fermer kartı və şəxsiyyət vəsiqəsini təqdim edir. Fermer kartında olan nağdsiz vəsait hesabına istədiyi növ gübrə, dərman, toxum götürür. 2-3 dəqiqə ərzində fermerə gübrələri təqdim edirik”.

İlkin Bayramov- anbardar: “Fermer kartla bizə yaxınlaşır, biz də fermerin öz imzası ilə pulunu silirik. Nə qədər düşürsə, o qədər də təmin edirik. Bizdə payızlıq əkin üçün olan bütün gübrələrdən var. Heç bir problemimiz yoxdur. Kifayət qədər fermerlərin, kəndlilərin təlabatını ödəyəcək qədər gübrə ilə təmin olunmuşuq”.

Samux rayonunda payızlıq əkin təxminən noyabırın sonlarına kimi davam edəcək. Torpaq mülkiyyətçiləri bu il də əldə etdikləri gübrənin tətbiqi nəticəsində bol məhsul götürməyi düşünür.  

Elnur Vahidoğlu