“Kəpəz” premyer liqanın 8-ci turunda evdə keçirəcəyi “Qəbələ” ilə oyunun hazırlıqlarını başa vurub. Məşq zamanı futbolçuların yüksək motivasiyası hiss olunub.
"Kəpəz" "Neftçi" ilə çempionatın açılış matçından sonra evdə qazana bilmədiyi qələbəni “Qəbələ” ilə əldə etməyə israrlıdır. Bu məqsədlə komandanın həftə ərzində reallaşan məşqlərində ötən oyunlarda buraxılan səhvlər üzərində çalışılıb. Heyətdə cəzalı olmasa da, 1 vacib itki var. Sonuncu qarşılaşmada zədələnən nigeriyalı Onanuqa Olavale “Qəbələ” ilə oyunda komandasına kömək edə bilməyəcək. Sonuncu turda “Sabah”la oyunda qazanılan 1 xal sayəsində sarı-göylərin düşərgəsində böyük ruh yüksəkliyi var. Baş məşqçi Azər Məmmədovun sözlərinə görə bu amil qarşıdakı görüşə müsbət təsir edəcək. Bununla belə oyunun çətin keçəcəyini də gizlətmir.
Azər Məmmədov- “Kəpəz”in baş məşqçisi: “"Qəbələ" ilə oyun bizim üçün çətin və ağır bir oyundur. Hamı "Qəbələ"nin sonuncu yerdə getməsini və axırıncı olacaq kimi düşünürsə məncə bu yanlışdır. Düşünürəm ki, futbolçularımız həm oyun olaraq, həm istək olaraq özlərini yaxşı tərəfdən göstərərlər. Həfə ərzində uşaqlar yaxşı məşq ediblər. Hamısından çox razı qalmışam. Güman edirəm ki, ayın 1-i qalib tərəf biz olarıq”.
Futbolçular da baş məşqçidən fərqli düşüncədə deyillər. “Qəbələ” ilə qarşılaşmada qazanılacaq 3 xalın dönüş nöqtəsi olduğunu bildirirlər.
Vüsal Məsimov- “Kəpəz”in oyunçusu: “"Qəbələ" ilə oyuna çox yaxşı hazırlaşırıq, hər kəs istəklidir. Çünki doğma azarkeşlərimiz önündə artıq qələbə qazanmaq istəyirik. Fanatlarımız qarşısında 3 oyundu uduzuruq, bu tilsimi qırmaq istəyirik. "Qəbələ" aramızda xal fərqi onlar bizdən geridədilər. Çalışıb qalib gəlib dönüş etmək istəyirik”.
Kamran İbrahimov- “Kəpəz”in qapıçısı: “"Sabah"la görüşdə əzmkar mübarizə apardıq komandamız 1 xal qazandırdıq. "Qəbələ" ilə doğma divarla arasında oynayırıq. Azarkeşlərin önündə. Onların dəstəyi önəmlidir. Çalışacağıq ki 3 xalı aktivimizə yazaq”.
“Kəpəz” – “Qəbələ” görüşü sabah keçiriləcək. Oyunun start fiti saat 16:00-da çalınacaq.
Orxan Cəfərzadə
- Baxış: 378