• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 27.09.2023 15:47

Şəhidlərin xatirəsi hörmətlə anılıb

KepezTV Player

Kəlbəcər, Samux, Şəmkir və Naftalan ictimaiyyəti də Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib.

Anım günündə Kəlbəcər rayon ictimaiyyəti Göygöl rayonunun Murovdağ qəsəbəsində ikinci Qarabağ müharibəsində şəhid olanların qəbirlərini ziyarət edib. Oradan Gəncədəki Kəlbəcər Abidə Kompleksinə yürüş olub. Azərbaycan ordusunun Vətən müharibəsində dünyaya nümunə olacaq şücaət göstərdiyinə diqqət çəkilib. Qazanılan tarixi qələbənin milli qürur mənbəyi olduğu vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin məhv edildiyi, işğala son qoyulduğu, Qarabağın Azərbaycana qovuşduğu bildirilib. İkinci Qarabağ müharibəsində Kəlbəcər rayonundan 32 nəfər hərbiçi və 3 nəfər mülki şəxs şəhid olub. Həmçinin 90 nəfər Kəlbəcər sakini qazi adını alıb. Anım günündə qəsəbədə ağacəkmə aksiyası da keçirilib, Eldar şamı, küknar və digər ağaclar əkilib. 

Bu gün Samux ictimaiyyəti də Şəhidlər Abidə Kompleksini ziyarət edib. Vətəni canından üstün tutanların xatirəsini yad edən İcra Hakimiyyətinin başçısı Alı Qocayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri və qazilər məktəblilərin təqdimatında şanlı zəfərimizə həsr olunan rəsmlərə baxıblar. Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın birliyi, həmrəyliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın məharəti nəticəsində əldə olunmasına diqqət çəkilib. Hücum diplomatiyasının və “Dəmir yumruğ”un zəfərin təməlində dayandığı vurğulanıb. Anım tədbirində məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Qəhrəman şəhidlərin və qazilərin keçdiyi şərəfli döyüş yolundan və göstərdikləri şücaətdən geniş bəhs olunub. Saat 12-də rayon ərazisində canından keçən vətən övladlarının ruhu sükutla yad olunub.

Şəmkirdə də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağı rayon mərkəzindən Şəhidlər Xiyabanına gətirilib. Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyev, millət vəkili Kamran Bayramov, rayonun müvafiq strukturlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti tərəfindən Abidə Kompleksinin önünə əklil qoyulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda qanından və canından keçənlərin daim qəlblərdə yaşayacağına diqqət çəkilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazanılan qələbənin memarı olduğu xatırladılıb. Qarabağ müharibəsinin Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı olduğu vurğulanıb. “Dəmir Yumruğ”un qazandırdığı zəfərin son antiterror tədbirləri nəticəsində məntiqi sonluğuna çatdığına diqqət çəkilib. Qəhrəman qazilərin və şəhidlərin döyüş yolundan danışılıb. Şəhid övladlarının, məktəblilərin təqdimatında əbədi-bədii kompozisiya təqdim olunub. Şəmkir şəhərinin bəzi küçə və prospektlərində, eyvanlarda bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.

3 il öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı zamanı başlayan Vətən müharibəsində şəhid olanların əziz xatirəsi Naftalanda da yad edilib. Uzun illər düşmən tapdağı altında olan torpaqlarımızı yağı düşməndən azad edərkən canından keçən vətən oğulları şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ucaldılan Memorial Xatirə Kompleksini ziyarətlə anılıb. Tədbirdə iştirak edən Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, şəhər ictimaiyyəti nümayəndələri kompleksin qarşısına gül dəstələri düzüblər. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Anım günündə Naftalanda ağacəkmə aksiyası keçirilib, şəhər ərazisində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vüsalə Cənnətova