• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1624
— 21.09.2023 19:18

Siqaret dərini ən tez qocaldan faktordur

KepezTV Player

Siqaret təkcə daxili orqanlara deyil, həm də xarici görünüşə - insanın dərisinə də zərər verir. Mütəxəssislər deyir ki, siqaret dərini ən tez yaşlandıran əlavə faktordur. Ona görə də insanlar bu zərərli vərdişdən nə qədər tez yaxa qurtarsalar, bir o qədər xeyirdir.

10 il zərərli vərdişin aludəçisi olan Eşqin Hümbətov 1 il öncə səhhətində yaranan ciddi problemdən sonra siqaret çəkməni dayandırıb. Belə ki, o, dərisində yaranan ləkələrlə bağlı həkimə müraciət edən zaman bunun siqaretdən ortaya çıxdığını öyrənib. Və siqareti çəkməkdə davam edərsə, daha ciddi fəsadlara yol aça biləcəyi məlum olub.

Eşqin Hümbətov- şəhər sakini: “Mən uzun müddətdir - demək olar 10 ilə yaxın idi siqaret çəkirdim. Yaxın müddət ərzində gördüm ki, dərimdə saralmalar olurdu. Bununla bağlı həkimə müraciət elədim. Həkim baxdıqda dedi ki, dərim həssas olduğuna görə, siqareti tərgitməsəm bununla bağlı çox böyük bir problem yarana bilər - xərçəng xəstəliyinə doğru da gedə bilər. Buna görə də siqareti tərgitdim. Yaxşı olar ki, hər kəs sağlamlığının dəyərini bilsin. Tövsiyə edirəm ki, tərgitsinlər”.

Araşdırmalar nəticəsində siqaret tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyən edilib. Bu kimyəvi maddələrin ən çox təsir etdiklərindən biri də şübhəsiz ki, insanın dərisidir. Mütəxəssislər deyir ki, siqaret çəkən zaman dəri kobudlaşır, rəngi solğunlaşır, həmçinin parlaqlığı itir. Bütün bunlar nikotinin parçalanması məhsullarının qana daxil olması və nəticədə damarların tonusunun azalması səbəbindən baş verir.

Qabil Abdullayev- dermatoloq: “Araşdırmalar aparılıb və müəyyənləşdirilib ki, 40 yaşında insanın dərisi əgər siqaret çəkirsə 70 yaşında insanın dərisinin strukturuna uyğun gəlir. Və dəridə vaxtından əvvəl qocalma, qırışların əmələ gəlməsi baş verir. O cümlədən dərinin qorunma funksiyası var ki, bu pozulduğuna görə dəridə ikincili olaraq infeksiyaların düşməsinə şərait yaradır. Bakteriyalar, viruslar və göbələk xəstəliklərinin dəridə əmələ gəlməsinə şərait yaradır. O cümlədən, dəri xərçənginin əmələ gəlməsi üçün münbit şərait yaradır”.

Həkimlər deyir ki, təcrübədə aktiv istifadəçilərlə yanaşı, passiv şəkildə siqaret tüstüsünün təsirinə məruz qalan şəxslərdə də dəri xəstəliklərinin rast gəlindiyinə şahid olunur. Hətta bu daha ciddi hal aldıqda, dəri xərçənginə kimi gətirib çıxara bilər.

Qabil Abdullayev- dermatoloq: “Siqaret çəkənlərin passiv siqaret çəkənlərə təsiri ilə bağlı onu deyim ki, burda ən çox zərər çəkən uşaqlardır. Müalicə müddətində xəstələrə mütləq başa salırıq ki, siqaret dərinin immunitetini aşağı saldığına görə, xəstələrin sağalmasını ləngitdiyinə görə siqaretdən imtina olunmasını vacib bilirik. Xəstələr buna əməl elədikdə müalicənin effektivliyi artır”.

Nikotinin təsiri altında sərbəst radikalların aktivliyi artır ki, bu da dərinin çox sürətli qocalmasına səbəb olur. Tüstünün təsiri altında C vitamini məhv olur, beləliklə təravət və sağlam görünüş itir.

Aişə Rzayeva