Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Bu məlumatlar “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirilib. Həmçinin Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçunun itkin düşdüyü də bildirilib. Vurğulanıb ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsinin döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetirilib.
“Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır.'' Bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən konfransda Dövlət təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyev deyib. O, hərbi təcavüz nəticəsində ölkəmizin xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli mərhumiyyətlərə məruz qaldığını vurğulayıb.
Əli Nağıyev- Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi: “Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcəkdir. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi. Biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq. Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstrukrtiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmamışdır. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.
Konfrans ərəfəsində 9 hərbçi, 1 mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirildiyini deyən xidmət rəisi onların arasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun da olduğunu bildirib.
Əli Nağıyev- Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi: “O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüşdür. 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən “Azərbaycanın Milli Qəhrəmanı” Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik”.
Əli Nağıyevin sözlərinə görə, əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər.
Azad Mustafayev
- Baxış: 260