• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 14.09.2023 20:08

Kirayə müqaviləsi - əlavə xərc, yoxsa sığorta?

KepezTV Player

İstər çalışdığı iş yeri, istər təhsili, istərsə də mənzili olmadığı üçün kirayə məzillərə üz tutan insalar kifayət qədərdir. Bəziləri bu prosesi rieltor köməyi ilə reallaşdırırsa da, bəziləri fərdi icarəçilərə- yəni ev sahiblərinə müraciət edirlər. Belə olduqda isə əksər vaxt tərəflər arasında heç bir sənədləşmə prosesi aparılmır. Bu da gələcəkdə bir çox problemlərə səbəb olur.

Həmsöhbətimiz Xalidə Mirkazımova 3 ildən çoxdur bina evində olan mənzilini kirayə verməklə gəlir əldə edir. Amma başına gələn son hadisədən sonra edilən müraciət üçün ehtiyat tədbirini əldən vermir. Çünki evində sonuncu qalan sakin mənzili həm yararsız hala salıb, həm də razılaşdıqları tarixə kimi qalmayıb.

Xalidə Mirkazımova- ev sahibi: “Bu evi kirayəyə vermişdim, amma səhv edib müqavilə bağlamadan. Bunlar mənimlə danışdılar ki, 8 ay müddətində bu evdə yaşayacaqlar. Mən də arxayın oldum, verdim. 1 ay yarım yaşayıblar, mənə bildirmədən köçüb, gediblər. Həm ev kirayəsini verməyiblər, həm də evi pis günə qoyublar. İndi buralara əl gəzdirməliyəm. Mən indi bilmirəm onu harda axtarım tapım. Amma müqaviləm olsa, mən o insanları tanıyardım, gedib pulumu da alardım, həm də deyərdim, qardaş xarab edibsən, gəl buranı düzəlt”.

Bu və buna bənzər halların qarşısını almaq üçün vətəndaşların köməyinə kirayə müqaviləsi gəlir. Tərəflər arasında bağlanan bu razılaşma sənədi əslində hər iki tərəfin sığortalanması deməkdir. Həm ev sahibinin, həm də kirayəçinin. Çünki kirayəyə verən şəxs də mənzili dərhal boşaltmağı tələb edə bilər ki, bu halda da kirayəçi çətin vəziyyətdə qala bilər. Və ya kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətinin birtərəfli qaydada artırdığını bildirə bilər. Kirayə müqaviləsi olduqda, belə problemlər yaşanmır.

Namiq Haqverdiyev- ev sahibi: “Evimi 1 illik müqavilə ilə kirayəyə vermişəm. Kirayəçi gələndə evi dağıtmamalıdır. Nə eləsə də müqavilə əsasında ödənişini eləməlidir. Əvvəllər bir neçə dəfə kirayəyə vermişdim. Ancaq aldatdılar. Dedilər çox qalacağıq. Amma az qaldılar. Müqavilədən sonra amma belə şey olmur. Müqavilə 1 illikdirsə, elə 1 illik də qalırlar”.

Təcrübə göstərir ki, əksər hallarda məzili icarəyə götürərkən kirayə verən və kirayəçi arasında şifahi razılığa gəlinir. Lakin gözlənilməz halların baş verməsi, tərəflər arasında narazılığa səbəb ola bilər. Ona görə də mütəxəssislər müqavilənin vacib oduğunu qeyd edir.

Nail Qarayev- ekspert: “Kirayə müqaviləsi mülki hüquq münasibətlərində çox vacib yer tutan əqdlərdən biridir. Azərbaycan Mülki məcəllənin 675-ci maddəsində qeyd olunur ki, əmlak kirayə müqaviləsinə əsasən kirayəverən əmlakı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun müqabilində kirayəverənə haqq ödəməyi öhdəsinə götürür. Vacib məqam ondan ibarətdir ki, əmlakın kirayə verilməsi zamanı kirayə müqaviləsinin bağlanmasının üstün cəhətləri ondan ibarətdir ki, tərəflərin gələcəkdə yarana biləcək mübahisələrinin həlli və anlaşılmazlıqların aradan qaldırılması üçün qarşılıqlı razılıq əsasında qabaqcadan öz şərtlərini və istəklərini qeyd edirlər,”.

Qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

Aişə Rzayeva