Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70,4 km-dir. Hazırda yolun genişləndirilərək profilə salınması və 21,5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16,5 metr təşkil edəcək. Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
- Baxış: 216