• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 04.09.2023 20:12

Yeni tədris ilinin evlərin qiymətinə təsiri

KepezTV Player

Təhsil ilinin başlanması, ələlxüsus da universitetlərə daxil olanların başlatdığı ev axtarışları mənzil bazarında kirayə qiymətlərinə təsir edib. Hətta qalmaq üçün mənzil tapmaqda çətinlik çəkənlər də var. Əməkdaşlarımız Gəncədə bu sahədə olan mənzərəni aydınlaşdıracaq. 

Tədris ili başlayana yaxın bölgələrdən olan tələbələr təhsil müddətində qalacaq yer axtarmağa tələsirlər. Gəncədə tələbəlik həyatı yaşayanlar üçün kirayələnəcək mənzillərin axtarışı bu sahədə canlanmaya səbəb olub. Bu, özünü qiymət dəyişikliyində göstərməklə yanaşı, kirayə ev tapmaqda çətinliyə qədər aparır. 

Rasim Süleymanov- valideyn: “2 saata yaxındır ki, burda axtarışdayıq. Maklerlərlə danışmışıq, şəhərdə yaşayan qohumlarla əlaqə saxlamışıq, demək olar ki, ev tapmaqda çətinlik çəkirik. Hələ bizə konkret bir ev göstərən yoxdur ki, bu evə baxın. 300 manat, 400 manat deyənlər oldu, hətta bir nəfər dedi ki, 500 manata həyət evi var, amma bizə o qiymət də uyğun deyil”.

Elnur Yusifov- valideyn: “Tovuz rayonundan gəlmişik. Uşaqlar ali məktəbə - Aqrar Universitetə qəbul olunub. Gəlmişik, neçə saatdır kirayə ev axtarırıq, maklerlərə yaxınlaşdıq, ev tapmaq çətindir”.

Kirayələmək üçün təklif olunan evlərin qiymətində artım bir tərəfdən süni şəkil alsa da, digər tərəfdən şəraitinə görə dəyişir. Bu səbəbdən də münasib qiymətə ev tapmaq müşkülə çevrilib. 

Tural Bədəlov- tələbə: “GDU-ya daxil olmuşam. Buraya səhər saatlarından gəlmişik, kirayə ev axtarırıq, lakin tapa bilmirik. Qiymətlər qane etsə də kirayə ev yoxdur. Dostumla ikimiz eyni evdə qalmaq istəyirik, lakin, elə bir uyğun yer yoxdur”.

Fərid Yusifov- tələbə: “Tovuzun Aşağı Quşçu kəndindən gəlmişəm. ADAU-ya daxil olmuşam. Maklerlərlə danışdıq, ev tapılmır. Tapılsa da qiymət 300-350 manat arası olur.”

Daşınmaz əmlak bazarının iştirakçıları olan rieltorlardan əldə etdiyimiz məlumata görə, yerindən asılı olaraq, evlərin qiymətində təxminən 50-100 manat bahalaşma müşahidə edilir. Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur.

Nazim Əliyev- rieltor: “Bu günkü gündə evlərin sayı tələbələr üçün çox azdır. Tələbələr də həmişə sentyabrın 1-dən 15-nə kimi axtarışa çıxırlar. Qaldı ki, 1 otaqlı mənzil 300-350 manat arasıdır. 2 otaqlı mənzillər 300-400 arasıdır. 3 otaqlı mənzillər 500-600 arasıdır. Burada yeni tikilən hündürmərtəbəli binalar azdır. Ona görə kirayə evlər köhnə beşmərtəbəli binalardadır. O da ildən-ilə tələbələrin sayının artdığına görə, ev tapmaq məsələsi çox qəliz məsələdir”.

Şəmsi Həsənov- rieltor: “Kirayələr bahadır. Ən azından 250-dən 600-700 manata qədər kirayə evlər var. Tələbələr müraciət edir, 4 nəfər birləşib, bir evi tuturlar. Sadəcə olaraq, evlər bahadır”.

Ötən ilin avqust ayı ilə müqayisədə mənzil bazarında qiymətlər 6%-dən çox artıb. Bu ay isə kirayə mənzillərin qiymətində 10%-ə yaxın artım müşahidə olunur. Sentyabrın sonuna kimi kirayə mənzil bazarında qiymətlərin dəyişəcəyi real görünmür. 

Azad Mustafayev