Ölkədə əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranması üçün bir sıra işlər görülür. Qanun çərçivəsində qadın əməyinin tətbiqi qadağan olunan işlərin siyahısının azaldılmasını da bu işlərə aid etmək olar.
Qadınlar güclü varlıqlardır. Bu cümləni tələffüz edərkən təkcə mənəvi deyil, fiziki gücü də nəzərdə tutmaq olar. Bu gün zərif, amma zəif olmayan qadınların çalışmadığı peşə, fəaliyyət sahəsi ilə qarşılaşmaq çox çətindir desək yəqin ki, yanılmarıq. Bəli, cəmiyyətimiz inkişaf etdikcə, qadınlarımız hətta “kişi işi” deyilən anlayışı da yerlə bir etməyi bacarırlar. Çətinliyindən, fiziki güc tələb etməsindən asılı olmayaraq zərif cinsin nümayəndələri bu işləri yetəri qədər uğurla həyata keçirə bilirlər. Gənclik illərindən etibarən usta kimi fəaliyyət göstərən 52 yaşlı Pərvanə xanım kimi. İşi kifayət qədər çətin olsa da, o, bunun öhdəsindən məharətlə gəlir. 30 ildən çoxdur bu sahədə çalışan Pərvanə Zançurina peşəsini atasından öyrəndiyi deyir.
Pərvanə Zançurina- usta: “Artıq bu peşəyə öyrəşmişəm. Peşədən ayrı dura bilmirəm. İnsanlar da öyrəşib. Mən iş görməyəndə, oturanda, deyirlər bura qırılıb xahiş edirlər ki, bunu düzəlt. İlk başlarda mən gedib özümü təqdim edəndə ki, ustayam çox adam təəccüblənirdi. Amma illər keçdikdə buna öyrəşdilər bildirlər ki, mən bu işin sahibiyəm. Mən özüm demişəm nə vaxta kimi getsə, qocalsam da bu işdən uzaq olmayacam. Çünki bu işdən zövq alıram. Bu işlər məni yaşadır”.
Göründüyü kimi, qadınlar həyatın bütün sahələrində uğur qazanmış, kişi əməyi tələb olunan ən çətin işlərdən tutmuş, ta mötəbər kürsülərə qədər gəlib özünü, iradəsini, bacarığını təsdiq etmiş varlıqlardır. Bununla belə, qanun əmək şəraiti ağır və zərərli olan bəzi işlərlə bağlı qadın əməyini məhdudlaşdırırdı. Amma Əmək Məcəlləsinə edilən son dəyişikliklərdən sonra bu qadağalar demək olar ki, aradan qaldırıldı.
Təhminə Salmanova- Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçisi: “Azərbaycan Respublikası Əmək Məcəlləsinə 5 noyabr 2022-ci il tarixdə dəyişiklik edilənədək əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi, hamilə və 3 yaşınadək uşağı olan qadınların qeyd olunan işlərin görülməsinə cəlb olunması qadağan olunurdu. Dəyişikliklərə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və işlərin sayı azaldılaraq 204-ə qədər endirildi”.
Qərar ölkə üzrə qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı fərqliliyin aradan qaldırılması məqsədilə qəbul edilib.
Təhminə Salmanova- Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçisi: “Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrıseçkiliyə yolverilməsi, həmin amillər zəminində biləvasitə və dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır”.
Məhdudiyyət aradan qaldırılmayan 200-dən çox peşə və iş yerinə qadağa yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Qərarın qəbulu ilə əmək münasibətlərində qadınların məşğulluq imkanlarının artırılması təmin ediləcək.
Aişə Rzayeva
- Baxış: 647