Dünən gecə çox ailələrdə sevinc göz yaşları axıdıldı... Övladları tələbə adını qazanan valideynlərin fərəhini başqa hansı xoş xəbər üstələyə bilər ki?! Amma elə uğurlar olur ki, onu paylaşa bilmirsən. Daha doğrusu, paylaşmağa nə doğman olur, nə də doğmaların cəm olduğu isti ocaq... Gəncə Uşaq Evinin yetirməsi Həsən kimi... Bu gün o, Pedaqoji Universitetə daxil oldu. Yəni təhsilini başa vurub, müəllim olacaq. Öyrədəcəyi şagirdləri də olacaq gələcəkdə, çox şey öyrədəcək, ən əsası da ailəsiz də uğurların ən böyüyünü qazanmağın mümkün olduğunu. Növbəti süjetimizin ən sentimental qəhrəmanı Həsən olsa da, yeganəsi deyil... Gəncənin ən yüksək bal toplayan tələbəsini də tanıyacağıq...
Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən açıqladığı məlumatda bildirilib ki, 51 941 nəfər, o cümlədən 6592 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub. Gəncə Uşaq Evinin sakini olan Həsən Həsənov da qəbul imtahanından 420 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub.
Həsən Həsənov- Gəncə Uşaq Evinin sakini: “BDU-nun hüquqşünaslıq fakültəsinə daxil olmaq istəyirdim. Balım az olduğu üçün o ixtisasa daxil ola bilmədim, həm də sosial işi sevdiyim üçün, sosial işə daxil oldum. 420 bal topladım. Öz valideynlərim olmasa da, birinci növbədə məni övladlığa götürən ailəmin çox böyük köməkliyi var. Ondan sonra öz müəllimlərim də hazırlaşdırıblar, sağ olsunlar. Onların da çox böyük əziyyəti var. Uşaq evində də başda Nazilə müəllimə olmaqla, bütün kollektivə öz təşəkkürlərimi bildirirəm.Onların da əməyi böyükdür”.
Həsən Həsənov kiçik yaşlarından dərslərinə məsuliyyətli yanaşıb, gələcəkdə tələbə olacağına daim inanıb.
Nazilə İsmayılova- Gəncə Uşaq Evinin direktoru: “Həsən 2012-ci ildə uşaq evinə gəlibdir. Onun valideynləri - atası dünyasını dəyişib, anası ağır xəstə olduğuna görə uşaq evində məskunlaşmışdır. 2 qardaşı, 1 bacısı var. Onlar uşaq evinə gəldikdə Həsən çox məsum, sakit, az danışan bir uşaq idi. Məktəbdə də o, müəllimlərin hörmətini qazandı, çox fəal oxudu, demək olar ki, 1 aydır dərsə gedirdi, artıq vurma cədvəlini öyrənmişdi. Aktiv bir uşaq idi. Üzərində çox çalışırdı və həmişə deyirdi ki, mən hüquqşünas olacam, uşaqların hüquqlarını müdafiə edəcəm. 9-cu sinifdə oxumağa daha ciddi yanaşdı və 10-11-ci sinifdə biz onu hazırlıqlara qoyduq və çox gözəl nəticələr əldə olundu və bu gün o, tələbə adını qazandı”.
Gəncə şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunu Fəridə Verdiyeva qəbul imtahanında digər abituriyentlərdən fərqlənib. O, ümumilikdə 683 bal toplayaraq Gəncə şəhəri üzrə ən yüksək nəticə göstərən şagird adını qazanıb. Fəridə Verdiyevanın sinif yoldaşı Nurlan Məmmədov qəbul imtahanının blok cəhdində 397 bal toplayaraq respublika birincisi olub. Onların hər ikisi Azərbaycan Tibb Universitetinə qəbul olunublar.
Fəridə Verdiyeva- tələbə: “Bu il buraxılış imtahanından 291.5 bal, blok imtahanından isə 391.5 bal toplayaraq Gəncə üzrə ən yüksək nəticə göstərən olmuşam və bu nəticəni heç bir repetitor yanına getmədən toplamışam. Eyni zamanda liseyi qızıl atestatla bitirmişəm. Eyni zamanda respublika fənn olimpiadalarında gümüş və bürünc medalın qalibiyəm. Kimya fənni üzrə və prezident təqaüdçüsüyəm”.
Nurlan Məmmədov- tələbə: Builki qəbul imtahanında ümumilikdə 682 bal toplamışam. Beynəlxalq biologiya olimpiadasında bürünc medal aldığım üçün müsabiqədənkənar olaraq istədiyim universiteti seçə bilərdim. Lakin mən ingiliscə müalicə işini üstün tutdum. Özümdən sonrakı abituriyentlərə məsləhət görərdim ki, imtahandan qorxmasınlar, çox həyəcanlanmasınlar. Ümumiyyətlə çalışmağa üstünlük versinlər”.
Müəllimlər şagirdlərinin belə uğurlu nəticələr göstərməsinin səbəbini çox çalışmaqlarında və dərslərinə qarşı məsuliyyətli olmaqlarında görürlər.
Elşən Quliyev- biologiya müəllimi: “İstər müəllim kollektivi tərəfindən, istər şagirdlərin özlərinin zəhmət baxımından çox böyük əziyyət dayanır. Şagirdlər, deməli Fəridə 4-cü qrup üzrə Gəncə birincisidir, Nurlan isə blok fənnləri üzrə respublika birincisidir. Şagirdlər zəhmətsevər, öz üzərində çalışan, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirən, bu xüsusiyyətdə olan şagirdlərdir”.
Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair statistik məlumatlarda o da qeyd olunub ki, 24 594 nəfər dövlət sifarişi əsasında, 27 347 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub. Sentyabrın 5-dən 14-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcək. Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə etmək mümkündür. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3100 nəfər daha çoxdur.
Fərid Mehdiyev
- Baxış: 417