• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 28.08.2023 20:08

Meşələrə tullantıların atılması təbiətə ziyan verir

KepezTV Player

Yay mövsümü ilə əlaqədar insanlar təbiət qoynunda istirahətə daha çox üstünlük verirlər. Təbii ki, gözoxşayan mənzərələri seyr etmək, təmiz hava almaq, bulaq suyundan içərək, təbiətin bəxş etdiyi nemətlərdən faydalanmaq çox gözəldir. Gözəllikləri qorumaq isə onlardan zövq almaq qədər vacibdir. Bəs görəsən ana təbiətin bizə göstərdiyi sevgini biz də ona qaytara bilirikmi? Bu sevginin birinci göstəricilərindən biri də onun qorunması və təmiz saxlanılmasıdır. 

Qərb bölgəsi gözəl təbiəti, zəngin bitki örtüyü, sıx meşələri ilə daima turistlərin maraq dairəsində olan yerlərdəndir. Xüsusilə yay mövsümündə təbiət guşələrinə insan axını çoxalır. Bu, təbii ki, əhalinin rahat və səmərəli istirahəti, turizmin inkişafı baxımından müsbət haldır. Bu hal istirahət məkanları çalışanlarının, çörəyini turizmin inkişafından çıxaran yerli sakinlərin də üzünü güldürür. Lakin bəzi turistlərin, istirahətə gələn insanların təbiətdən kortəbii şəkildə istifadəsi ətraf mühitə zərər vermələri ilə nəticələnir ki, bu da sakinlərə xoş təsir bağışlamır, onların haqlı narazılığına səbəb olur. 

Vidadi Həsənov- satıcı: “Təmizlik yaradırsan, xeyiri yoxdur – zibilləyib gedirlər. Mən satıcıyam, bir dənə maldan ötrü mağazaya girirəm, başını çevirib, görürsən ki, zibili töküb gedirlər. Əlimizdən gələni edirik, hamı istəyir təmizlik olsun, millət gəlir-gedir”

Əli Məmmədov- iaşə obyektinin işçisi: “Qonaqlarımıza özümüz də deyirik ki, hər kəs bura istirahət məqsədilə gəlir, qonaqlarımıza, ətrafdan keçən insanlara fikir bildiririk ki, əsas təbiəti, ətrafı səliqəli saxlasınlar, yəni bu, əsas da özümüz üçündür, gələcəyimiz üçündür. Bizim kirlətməyimiz, təbiəti yox eləməyimiz deməkdir. Zibil qablarından istifadə etmirlər, zibili yol qıraqlarına tullayırlar, təbiəti çirkləndirirlər, bu da təbiətin məhv olmağına gətirib çıxarır”.

Ətraf mühitdən, təbiətdən yararlanmaq hər bir vətəndaşın hüququ olduğu kimi, onu qorumaq, qayğısına qalmaq da vətəndaşlıq borcudur. Hər bir halda öhdəliyimizin fərqinə varmalıyıq, çünki əksi mütəxəssislərin xüsusi diqqət çəkdiyi bir sıra fəsadlara yol aça bilər.

Zaur Həsənov- ekoloq: “Yay günlərinin başlamasıyla əlaqədar olaraq insanların açıq təbiətə çıxması, təbiətlə ünsiyyətdə olması və təbii olaraq yeməklə bağlı problemlər yaşanır. Lakin bu zaman müəyyən qədər yemək etikasına da riayət olunmalıdır. Yeməyin özünün, qalıqlarının istifadəsi və ya başqa yerdə gömülməsi üçün yerlərin olması vacib şərtdir. Xüsusən də bu şəraitdə plastik kütlələrin atılması, plastik kütlələrin üzlərinin də müəyyən zəhərli maddələrinin olması da təbiəti zəhərləyir. Təbiətin özünün çirkləndirilməsi yolverilməzdir. Bunun üçün həm insanların özlərində, yüngül desək tərbiyə olmalıdır. Təbiətə olan münasibət bir qədər genişləndirilməlidir. Təbiətin özünü sevmək lazımdır”.

Təbiət gözəllikdir, qəlb oxşayan bir sərvətdir. Təbiətimizi, onun füsunkar hissəsi olan meşələri nə qədər sevsək, nə qədər yaxşı mühafizə etsək, bizə o qədər qida və şəfa verər. Odur ki, xoş istirahəti xoş əməllərlə taclandıraq. Təmizliyin də istirahət kimi bir mədəniyyət olduğunu unutmayaq!

Fərid Mehdiyev