Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən uğurlu işlərdən danışıb və göstərilən dəstəyə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin tarix boyu mövcudluğu qeyd olunub və bundan sonra da daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev də türkiyəli həmkarı ilə görüşüb. Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğulanıb. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticələri müzakirə olunub, bu fəaliyyətlərin daha intensiv şəkildə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
- Baxış: 309