• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 803
— 24.08.2023 20:15

İlin sonunadək rəqəmsal resept layihəsi tətbiq olunacaq

KepezTV Player

Qarşıdakı süjetimizdə həkimlərin yazdığı reseptlərdən danışacağıq. Hansı ki, insanların başa düşməsi imkansız olan, əczaçılarınsa bəzən çətinliklə anladığı reseptlərdən. Məlumata görə, artıq bu ilin sonuna kimi kağız üzərində olan yazılan belə reseptlərin tətbiqinə son qoyulacaq. Əvəzində isə reseptlər elektron formada olacaq. Şübhəsiz ki, elektron reseptə keçid tək bununla bağlı deyil. Bunun digər səbələri də var.

Səhhətimizdə hər hansı problem olan kimi xəstəxanaya müraciət edirik. Həkimlər isə diaqnoza uyğun olaraq müalicə təyin edir, resept yazırlar. Qarmaqarışıq formada yazılan reseptləri başa düşmək elə də asan deyil. Tibb işçilərinin əksəriyyətinə məxsus bu dəst-xətti əksəriyyət məcazi formada "həkim dili" adlandırır. Vətəndaşlar bu yazıların onlara çox zaman çətinlik yaratdığını deyirlər.

Əczaçılar deyir ki, təqdim olunan reseptlərin əksəriyyəti latın əlifbası ilə yazılır. Ancaq təcrübədə kiril əlifbası ilə yazılanlara da rast gəlinir. Onların sözlərinə görə, bəzən yazılan reseptləri heç onların özləri də oxuya bilmirlər. Belə olduqda isə yenidən həkimlə əlaqə saxlamalı olurlar.

Adının oxunması aydın olmayan dərmanlar isə insan həyatı üçün təhlükəli ola bilər. Çünki satışda kifayət qədər adı oxşar olan dərman vasitəsi var. Həm bu problemin qarşısını almaq, həm də dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi elektron təqib və izləmə sisteminin tətbiq edilməsini nəzərdə tutur. Yəni, elekton reseplərin olmasını. Bu, həmçinin kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış şəkildə daha sürətli xidmət göstərəcəklər. Milli Məclisin Səhiyyə Komitəsinin üzvi Müşfiq Məmmədli mövzu ilə bağlı açıqlamasında bunun həm də şəffaflığın artırılmasında önəmli olduğunu qeyd edib.

Mütəxəssislər deyir ki, elektron reseptə keçid həkimin fiziki işini yüngülləşdirəcək və xəstə həkimin yazdığı dərmandan əlavə preparat qəbul etməyəcək. Elə həkimlər də tətbiqi planlaşdırılan sistemdən razılıq ifadə etdilər.

Səhiyyə Nazirliyindən verilən məlumta görə, “Rəqəmsal Resept” altsistemi pilot layihə kimi Bakı şəhər Narkoloji Dispanserində tətbiq olunub. İlin sonuna qədər isə respublika üzrə bütün əczaçılıq və tibb müəssisələrində tətbiqi nəzərdə tutulur.