Adətən havalar isti keçdikdə ətə olan tələbat az olduğundan qiymətlər aşağı düşsə də, bu il bunun tam əksi müşahidə olunur. Belə ki, son bir neçə gündür bazarlarda ətin qiyməti bahalaşıb. Mal və qoyun ətinin qiyməti qalxıb. Qiymət artımı isə bir sıra amillərlə izah olunur. Bunlar nədən ibarətdir, bunu, qarşıdakı süjetdən öyrənəcəyik.
Son günlərə qədər alıcılar mal ətini bazarlardan 13 manata alırdısa, bir həftəyə yaxındır ki, qiymətlər birdən-birə artıb. Müştərilər tərəfindən tələbatın daha çox olduğu mal əti indi satış dükanlarında 14-15 manat arası təklif olunur.
Ətin qiymətinin bahalaşması, belə desək satış yerlərində bolluq yaradıb, bazarlarda kifayət qədər mal əti var. Satıcılar ətin qiymətinin bahalaşmasından sonra alıcılıq qabiliyyətinin azalmasından şikayətlənirlər. Əvvəllər gün ərzində 30-40 kq ət satan qəssablar indi heç 10-15 kq ət sata bilmir. Şübhəsiz ki, ətin qiymətinin ucuz olması satıcılar üçün də xeyirli idi.
Bazarlarda tələbat az olsa da, qoyun ətinin də qiymətində artım var. Əvvəl 14-15 manata satılan qoyun əti indi 16-17 manata təklif edilir. Təsərrüfat sahibləri saxladıqları heyvanları kəsmək üçün baha qiymətə verdiklərini təsdiqləyirlər. Bunu, yem bazarındakı qiymətlə bağlayırlar.
Mütəxəssislərin fikrincə, yay mövsümündə, özü də toyların olmadığı bir vaxtda ətin qiymətinin qalxmasının daha bir neçə səbəbi də var.
Adətən payız-qış aylarında ot presinin, istərsə də yemin qiyməti bahalaşır. Bu da ətin qiymətinə öz təsirini göstərir. Görünən odur ki, ətin qiymətinin bundan sonra da bahalaşma ehtimalı çoxdur, nəinki, qiymətlərin ucuzlaşması.
Elnur Vahidoğlu
- Baxış: 457