Macarıstana işgüzar səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub. Dövlətimizin başçısı Baş naziri Azərbaycana səfərə dəvət edib. Dəvət qəbul olunub. Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb. Ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulanıb. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edilib, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olunub, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulanıb.
Budapeştdə Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç və Serbiya Prezidenti Milorad Dodik ilə də görüşü olub. Söhbət zamanı münasibətlərimizin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari əlaqələrin və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını da izləyiblər. Azərbaycanı dünya çempionatında iki idmançı təmsil edir.
Prezident və birinci xanım Budapeştdə Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə verilən ziyafətdə iştirak ediblər.
- Baxış: 380